Modern.az

Kəlbəcərdə nə baş verib? - Öldürülmüş və girov soydaşlarımız Kəlbəcəri bizə yaxınlaşdırdı

Kəlbəcərdə nə baş verib? - Öldürülmüş və girov soydaşlarımız Kəlbəcəri bizə yaxınlaşdırdı

15 İyul 2014, 00:06

  

Ermənistan mətbuatı bir neçə gündür Azərbaycanın Kəlbəcər rayonunda girov götürülən iki Kəlbəcər və bir Cəbrayıl sakini barədə məlumatları özlərinə sərf edən təqdimatla dünyaya sırıyırlar.

Əslində Kəlbəcərdə nə baş verib? Erməni tərəfinin iddia etdiyi kimi, doğrudanmı bu 3 nəfərdən ibarət partizan dəstəsi olub?

Əvvala onu bildirək ki, girov götürülən kəlbəcərlilər - Dilqəm Əhmədov və Şahbaz Quliyev uzun illər idi ki, Kəlbəcərə gedir, Ermənistanın işğalı altında olan doğma yurd yerlərindən videoçəkilişlər edirdilər.

Məhz həmin videosüjetlər vasitəsilə insanlar öz yurd yerlərinin son vəziyyətindən xəbər tuturdular.  

Şübhə yoxdur ki, bu dəfə də dostların Kəlbəcərə gedişi eyni məqsədi daşıyıb. Heç şübhəsiz ki, onların zaman-zaman çəkdikləri videosüjetləri YouTube videoşəbəkəsində ermənilər də izləyiblər. Bu isə ermənilə üçün heç cür xoş ola bilməzdi. Məhz buna görə də ermənilərin Kəlbəcərdə bütün keçidləri möhkəmləndirmələri real görünürdü. Ancaq girov düşən soydaşlarımız da bunu bilməmiş deyildilər.

Ona görə də hər dəfə Kəlbəcərə başqa səmtlərdən getmələri mümkün idi. Ancaq necə olursa, bu dəfə onların doğma yurd yerlərindən videoçəkilişlər etmək niyyətləri boşa çıxır. Məsələ burasındadır ki, bu barədə məlumat verməzdən öncə erməni mətbuatı bu ölkənin Müdafiə Nazirliyinə istinadən guya, hansısa partizan dəstəsinin Kəlbəcərdən Göyçə tərəfə keçdiyi barədə məlumat yayırlar.  

Bu xəbərin üstündən bir neçə gün keçəndən sonra isə Ermənistan Kəlbəcərdə bir nəfərin əsir götürüldüyünü, bir nəfərin isə öldürüldüyü barədə məlumatı dövriyyəyə buraxırlar.

Üstündən daha bir gün keçəndən sonra isə Dilqəm Əhmədovun girov götürülmə səhnəsini yayırlar.

Belə görünür ki, bu hadisə ən azı 7-8 gün öncə baş verib. Bir nəfərin ölümü, iki nəfərin girov götürülməsi Azərbaycan üçün böyük itkidir. Məsələ ondadır ki, onlar hərçi deyildilər.

Sadəcə erməni tərəfi bir erməni mayorunun öldürülməsi, bir erməni qadının yaralanmasını bu girovların üzərinə atıblar. 

Biz belə şər-böhtanları azmı görmüşük? Dəfələrlə olub ki, erməni tərəfi biri-birini güllələyən erməni hərbçilərinin ölüm hallarını Azərbaycan hərçilərinin üzərinə atıblar. İndiki halda bir erməni mayorunun ölümü, bir erməni qadının yaralanması da qeyd etdiyimiz erməni böhtanının tərkib hissəsidir.

Ermənistan hətta üç nəfər silahsız şəxsin İrəvana qədər gedib çıxdıqlarınıbəyan edə bilər. Ancaq bu 3 nəfərin məqsədi yurd yerlərindən yeni video görüntülər almaq olub. 

Amma məsələnin Azərbaycan üçün müsbət tərəfi də var.

Bu da ondan ibarətdir ki, bu 3 nəfər bizlərə xeyli uzaq görünən, zamanın diqtəsi ilə uzaqlaşan Kəlbəcəri bizlərə çox yaxınlaşdırdı. Hətta bir anlıq hər kəs xəyalən də olsa, Kəlbəcərə getdi...

Təkcə buna görə Sizə minnətdarıq əziz yurdsevər soydaşlarımız...

Siz öz adınızı Atəşkəs Dövrünün Qəhrəmanları siyahısına yazdınız.

Biz Sizə borcluyuq Böyük Qəhrəmanlar...  

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir