Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadze avqustun 14-də dəfn olundu. Özünün hələ 2007-ci ildə etdiyi vəsiyyətinə uyğun olaraq, Şevardnadzeni yaşadığı evin həyətində, mərhum həyat yoldaşının yanında torpağa tapşırdılar.
Ölünü öz evinin həyətində basdırmaq ənənəsi təkcə xristianlarda deyil, müsəlmanlarda da varmış... Uzağa getməyək, elə Azərbaycanı götürək.
Qəbiristanlığı olmayan Qubanın Zərqova kəndini buna misal göstərmək olar... Bu kənddə hər kəs öz ölüsünü yaşadığı evin həyətində basdırır. 1200 nəfərlik əhalisi olan və 20-dən artıq nəslin cəmləşdiyi Zərqova kəndində bu ənənənin tarixinin XIII əsrdən başladığı bildirilir. Belə ki, həmin dövrdə bu ərazidə müxtəlif tayfalar məskunlaşıb. Həmin tayfaların isə hərəsinin öz qəbiristanlığı olub. Hər tayfa dünyadan gedən qohumunu öz qəbiristanlığında basdırıb. Bu ənənə indiyə kimi davam edir.
Məşhədi Dadaş məscidinin imam-cüməsi Hacı Şahin Həsənli istər Azərbaycanda, istərsə də ölkəmizdən xaricdə belə hallar barədə məlumatsız olduğunu bildirib.
“Mən nə belə hallarla rastlaşmışam, nə də eşitmişəm. Şəriətə görə, qəbrin qəsb yerdə olmaması şərtdir. Yəni kiminsə yerinin qəsb edilməsinə icazə verilmir və bu yerdə qəbir qazılması düzgün hesab edilmir. Hətta sonradan kiməsə məxsus olması bəlli olarsa və yer sahibi iddia edərsə ki, yer onundur, məzar ordan köçürülməlidir. O zaman hətta qəbrin açılmasına icazə verilir. Halbuki, şəriətdə qəbrin açılması haram buyrulub”.
Ş. Həsənlinin sözlərinə görə, qanunlar yol verdiyi halda istənilən yerdə qəbir qazmaq olar.
“Qanuna hörmət həm də dinimizin tələbidir. Amma müasir dövrdə insanların öz həyətində qəbir qazmasını düzgün hesab etmirəm. Dinimizdə qəbiristanlıq anlayışı var. Yəni insanlara qəbirləri ziyarət etmək tövsiyə olunur. Bu səbəbdən də insanların bir yerdə dəfn olunması daha yaxşıdır, nəinki hərənin şəxsi həyətində. Dində bu qadağan olunmasa da, bəyənilən də deyil”.
Gülşən RAUFQIZI