“Birincisi, tələbimiz budur ki, şagirdlərin təhsil aldığı liseylər açılsın. Yəni hamı keçmiş “Çağ öyrətim” liseylərinin yenidən açılmasını istəyir. Çünki orada uşaqlara tədrisi başqa proqramla keçiblər”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində (Türk liseyləri) təhsil alan şagirdlərin “Valideynlər Şurası”nın rəhbəri Gülnarə Bağırova deyib.
“Türk liseylərində əsla din tədris olunmayıb. Şəxsən öz övladlarımın adından deyirəm ki, onlara heç namaz qılmaq təklif olunmayıb. Ancaq təlim və tərbiyə verilib. Hamı o təhsildən razıdır və liseylərin bərpasını istəyir. Uşaqların digər məktəblərə köçürülməsinin əleyhinəyik. Dövlət məktəblərində özbaşınalıqdır. Dəhlizlərdə, ayaqyolularında siqaret çəkirlər, məktəb direktoru valideynlərlə domino oynayır. Belə də biabırçılıq olar”.
G. Bağırovanın sözlərinə görə, valideynlər əvvəlki təhsil sistemin bərpasının tərafdarıdırlar: “İkincisi, uşaqların yerləşdirilməsi ilə bağlı çox böyük problemlər var. Uşaqlardan digər məktəbə qəbul olunmaq üçün yenidən imtahan vermək tələb olunur. Həmin şagirdlər olimpiadaçılar, birinci yer tutub qəbul olmuş uşaqlardır. İndi onları təzədən yayın günündə hazırlaşıb imtahan verməyə məcbur edirlər.
Şikayətlərimizlə bağlı bir neçə məktub yazmışıq. İyulun 21-də Prezident Administrasiyasında görüşümüz var. Prezidentə də müraciət ünvanlamışıq, ona da cavab olmalıdır”.
Valideyn Şurası sədri iddia edir ki, valideynlər hələ uşaqlarını digər məktəblərə köçürmürlər. “Hamı gözləyir ki, Prezident bu məktəblərin menecment idarəetməsini ya hansısa bir iş adamına, ya dövlət qurumuna həvalə eləsin. Nəticədə əvvəlki təhsil sistemi və proqramı qalsın. Əsas məqsədimiz odur ki, təsisçiləri dəyişsinlər, amma köhnə təhsil sistemi, proqramı və müəllimlər qalsın. O müəllimlər bu uşaqları çox gözəl hazırlaşdırıb yetişdiriblər. Uşaqlar psixoloji tərəfdən çox sıxıntıya düşürlər. Çünki onlar bu sistemə öyrəşiblər. Düzdür, əvvəlcədən ödəniş edənlərin pulları qaytarılır. Bəzi valideynlər gedib pulunu götürüb, amma əksəriyyət hələ götüməyib”.
Qeyd edək ki, iyulun 1-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində (Türk liseyləri) təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanılıb.
Bir müddət əvvəl Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və "Araz Kursları" MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilmişdi.
Misranə Həsənzadə