Modern.az

Əhməd Qəşəmoğlu: “Sosial şəbəkələrdəki dil pəhləvanlarından cəmiyyətə ancaq zərər gəlir”

Əhməd Qəşəmoğlu: “Sosial şəbəkələrdəki dil pəhləvanlarından cəmiyyətə ancaq zərər gəlir”

16 İyul 2014, 09:32


Artıq elə bir dövrdə yaşayırıq ki, bir çox insanlar həm real, həm də ki, virtual aləmdə olduqları kimi görünməkdən qaçırlar. Özlərinə aid olmayan mövzulara çox rahatlıqla fikir bildirir, başqalarını ancaq tənqid edir və nəsə öyrənmək əvəzinə, yalnız və yalnız nəsə öyrətməyə çalışırlar.  

Modern.az-a bu təzahür haqda danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, ilk səbəb dünyada ümumi qloballaşma prosesidir. “Belə bir anda insan görəndə ki, ətrafda ona aid olmayan mühitin içərisindədir, bir anlıq özünü itirir. Çalışır ki, yeni situasiyaya adaptasiya olsun və özünü təsdiq etsin. O biri tərəfdən isə ötən əsrdən bu günümüzə qədər gedən bir prosesdir ki, cəmiyyətimizdə insanların daha çox siyasətlə danışmasıdır. Siyasət dedikdə birbaşa hakimiyyətlə bağlı siyasətdə söhbət getmir. Siyasət ümumiyyətlə məqsədə çatmaq üçün göstərilən məharətdir”.

Dünyada tanınmış insanların üzdə bir cür, arxada tamam fərqli olduğuna diqqət yetirən sosioloq, bu məsələdə lider amilinin mühim olduğunu vurğuladı: “Öndə olan siyasətçilərin davranışı həmişə kütləyə böyük təsir edir. Əgər hər hansı bir kənddə ağsaqqal doğru düzgün danışan olsa o kəndin sıravi vətəndaşları model kimi ağsaqqallarını qəbul etdikləri üçün ona oxşamaq istəyirlər. Amma gözümüzü açıb görürük ki, dünyanın ən hegemon dövlətlərinin başçıları, müxtəlif siyasətçilər, özümüzdə olan partiyaların liderləri danışanda bir başqa cür danışırlar. Həyatlarındakı davranışları isə tamam fərqli olur. Sosial-psixologiyanın qanunlarında lider amili çox böyük önəm daşıyır. Təkcə siyasətçilər yox, elə götürək məşhur adamları, aktyorlar, yazıçıları. İnsanlar adətən özünün bəyəndiyi, inandığı, ideallaşdırdığı insanların xasiyyətini götürür. Onlara oxşamaq istəyir”.

Ə. Qəşəmoğlu insanların əksəriyyətinin başqalarının davranış formalarının təqlid etməyə meyilli olduğunu deyir. Onun sözlərinə görə, cəmiyyətdə təşkilatlanma doğru-düzgün, ahəngdar formada olmayanda insanlarda müxtəlif davranış formaları üzə çıxır. Bu formalardan biri də tənqidetmədir. İnsanlarda tənqidetməyə meyilliliyin yaranmasına təsir edən üç güclü amil var: insanların yaşadığı mühit; aldığı informasiya; insanların daxilindəki dəyərlər yönümü.

“Mühitimiz indi elədir ki, gənc gözünü açır görür ki, insanlar öz sözünü deməyə, öz fikirlərini səsləndirməyə o qədərdə meylli deyil. Hazırda mühitin özü müəyyən qədər siyasiləşib. İnsanlar siyasətdən danışmaqla məharət etdiklərini düşünürlər.  İnsanlar özlərini gizlətmək, təxəyyüllərində tutduğu kimi daha vacib insan kimi göstərmək istəyirlər. Rola girir. Müəyyən rollarla danışır.

Özünü hansısa mühüm adam kimi göstərməyə çalışırlar. Bu hal-hazırda cəmiyyətdə arzuolunmayan mədəniyyət formasıdır. Bütün günü baxdığımız televiziyalar bu işdə mühüm rol oynayır. Məsələn bizim tanıdığımız insanlar televiziyalarda özlərini məlaikə kimi göstərirlər. İnsanlara öyüd-nəsihət verirlər. Bu informasiyanı alan şəxsə ciddi təsir göstərir. Bu insanın körpəlikdən gördüyü tərbiyədən asılıdır. Bizim tərbiyə sistemimiz elə ola bilərdi ki,  hər kəs ancaq düzünü demək istiqamətində tərbiyə olunardı. Onda 20 yaşında, 50 yaşında hər kəs doğru danışardı. Amma təəssüf ki, bələkdən tutmuş, iş yerinə qədər o tərbiyə arzuolunan şəkildə deyil. Həqiqət demək dəyəri, həqiqətə uyğun olaraq davranmaq dəyəri onlar üçün dəyərsizləşir. Öz ətrafında da belə insanların olduğunu deyən sosioloq, bu insanların maksimum dərəcədə ətrafından uzaqlaşdırmağa çalışdığını deyir. Çünki bütün Şərq fəlsəfəsində də yazılır ki, hansı insanlarla ünsiyyətdə olursansa onların xarakteri sənə də keçir. Hər bir kəs çalışmalıdır ki, belə insanları ətrafından maksimum uzaqlaşdırsın. Yəni məcbur deyilsinizsə onlarla ünsiyyətdə olmayın. Belə insanlardan adama zərər gələr. Dünyada ən qorxulu adam yalançı və sırtıq adamlardır”.

Ə. Qəşəmoğlu belə halların qarşısını almaq üçün insanların həm özləri ilə, həm də cəmiyyətlə mübarizə aparmalı olduğunu deyir: “Elə bir situasiyaya çatmışıq ki, bu arzuolunan bir hal deyil. Biz çalışmalıyıq ki, mühitin özünü də sağaldaq, cəmiyyətimizi də sağaldaq. Birinci belə insanlardan təcrid olmaq lazımdır. İkinci isə bu məsələlərlə bağlı bədii və elmi ədəbiyyat oxumaq lazımdır. Ən önəmli məsələlərdən də biri maarifləndirmə işləri aparmaq lazımdır. Daha çox uşaqlarla işləmək lazımdır”. Sosioloq həmiçinin bu cür halların çoxalmasının yaxşı olmadığını vurğuladı: “Bu cür halların çoxalması insanların gələcəkdə mənəvi cəhətdən aşınmasına gətirib çıxara bilər”.

Rüfanə GÜNƏŞ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU