Ələmdar CABBARLI
Bu da qəzadı, qədərdi
Qəzan mübarək, Dilqəm.
Sən hamımızdan təpərli çıxdın –
yurduna getməkdən ötrü
ATƏT-dən, BMT-dən icazə almadın
əvəzində ağır cəza aldın,
cəzan mübarək, Dilqəm.
Sən də bizim kimi şair ola bilərdin,
aşıq ola bilərdin.
yalandan Vətənə aşiq ola bilərdin.
Sən də bizim kimi
qoy Kəlbəcəri özgəsi alsın deyib
hər şeyin hazırına nazir ola bilərdin,
tacir ola bilərdin...
Sən başqa yol seçdin, Dilqəm.
Mən bu isti Ramazan günlərində
kondisionerli otaqda oruc tuturam –
sən Kəlbəcərdə kabab yeyirsən,
bulaq suyu içirsən.
mən gündə 5 dəfə üzümü Kəbəyə tuturam –
sən ildə bir dəfə Kəlbəcərə üz tutursan
əsl mömin sənsən –
ibadətin mübarək, Dilqəm.
Bilə-bilə ölümə getdin,
gülə-gülə ölümə getdin –
Şəhadətin mübarək, Dilqəm.
Biz də burda oturub
Şeir yazırıq, Dilqəm.
Sözdə Vətəni almağa
Hər gün hazırıq, Dilqəm...
Bu Vətən sənin çiyinlərindədi
Sən bu Vətənə dirəksən, Dilqəm.
Yalıncıqlar burda yenə öz işindədi –
sənsə əsirlikdə olan Bamsı Beyrəksən, Dilqəm.
Səni təkcə insanlar ağlamır, qardaş –
Dəlidağ, Murov haray çəkir,
Şaplar kəndində
bənövşələr saçın yolur,
nərgizlər yaxasın çırır,
Tərtər qan axıdır su yerinə...
Qoç Koroğlu nərə çəkib –
Tutulubdu bir Eyvazım əldədi – deyir;
Yurdu Dilqəm kimi sevərlər
Sizin sevginiz dildədi – deyir...
İnsanlar səni unutmayacaq, qardaş
Hamı Bakıda, Gəncədə oturub qəm çəkəcək,
Amma gələn ilin iyulunda
Kəlbəcəri bizə kim çəkəcək?!
Bu gedişinlə hamımıza anlatdın ki,
Kəlbəcəri almaq üçün
aşıq olmaq lazım deyil,
ozan olmaq lazım deyil,
mənim kimi şair olmaq,
yazan olmaq lazım deyil.
Yaltaq olmaq lazım deyil,
qorxaq olmaq lazım deyil,
hər nağıla inanan axmaq olmaq lazım deyil!
Kəlbəcəri almaq üçün –
Dilqəm olmaq yetərmiş!!!