“Qəbul imtahanları ilə bağlı olaraq iyulun 20-də təcili yardıma 16 müraciət daxil olub. Onlardan 1 nəfər müəllim, 2 nəfər valideyn, qalanı isə abituriyentlər idi”.
Bu barədə Modern.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib:
“Müraciətlər əsasən təzyiq, əsəb sisteminin narahatlığı ilə bağlı olub. Onlara yerində müdaxilə edilərək ilkin tibbi yardım göstərilib, xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb”.
Onun sözlərinə görə, ümumilikdə təcili yardıma bazar günü ərzində 1785 müraciət daxil olub.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahanlarda 31326 abituriyentin iştirakı nəzərədə tutulmuşdu.
Gülşən RAUFQIZI