Azərbaycan Mətbuatının doğum günü 1875-ci il 22 iyul tarixinə təsadüf edir.
Bu tarixdə milli mətbuatımızla yanaşı milli tanınmışlarımız da anadan olub.
Mirzə Kazım bəy: Azərbaycan şərqşünaslıq elminin banilərindən olan Kazan Universitetinin professoru Mirzə Kazım bəy 1802-ci ilin bu günündə dünyaya gəlib.
“Müridizm və Şamil” , “Bab və Babilik” əsərlərinin müəllifi 1870- ci ilin 27 noyabr tarixində vəfat edib.
Milli Məclisin deputatı Fuad Muradov: Azərbaycanda gənclər hərəkatının tanınmış rəhbərlərindən olan deputatın sabah 35 yaşı tamam olur.
1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olan Fuad Rauf oğlu Muradov Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi müvəfəqiyyətlə bitirən Fuad Muradov daha sonra ali təhsil almaq üçün Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub.
O ADNA-nın “ətraf mühit və neft sənayesi fakültəsini bitirib. 2002-ci ildə TEMPUS proqramı çərçivəsində magistr dərəcəsini alan F. Muradov Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantı olub. 2010-cu ildə “Neftin ilkin emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində radionuklidlərin analizi və paylanma qanunauyğunluqları” mövzusunda dissertasiya işini müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru adını alıb. 10 elmi əsərin və monoqrafiyanın müəllifidir.
İngilis, fransız, türk və rus dillərini bilir.
Gənc yaşlarından ictimai fəaliyyətə başlayan F. Muradov Azərbaycanda başlanan gənclər hərəkatının ən fəal nümayəndələrindən olub. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında təmsil olunan F. Muradov buradakı məhsuldar işi ilə diqqəti cəlb edib. Ölkədə aparılan gənclər siyasətinin aktiv iştirakçısı olan F. Muradov 2004-cü ildə qurumun sədri vəzifəsinə seçilib və 2012-ci ilə qədər təşkilata rəhbərlik edib. O həmçinin 2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilib.
2005-ci ildə Azərbaycanın efir məkanında fəaliyyətə başlayan İctimai Televiziya özünün Yayım Şurasının tərkibini də müəyyən edib. F. Muradov 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.
2005-ci ildə gənclər hərəkatının liderlərindən biri kimi ölkədə keçirlmiş parlament seçkilərinə qatılan F. Muradov seçiclərin böyük dəstəyini alaraq Milli Məclisə üzv seçilib.
2010-cu ildə yenidən namizədliyini irəli sürən F. Muradov seçicilərin etimadını qazanaraq deputat seçilib. Millət vəkili parlamentdə Səbail rayonunu təmsil edir.
F. Muradovun deputat fəaliyyəti də öz fəallığı ilə seçilir.
Milli Məclisin “Təbii ehtiyatlar, energetika və ekologiya” komitəsinin üzvü olan deputat bir sıra mötəbər beynəlxalq təşkilatlarda Azərbaycanı layiqincə təmsil edir. O, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2011-ci ildən “Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir.
F. Muradov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupunun üzvü olub. Deputat həmçinin 2011-ci ildən Krans Montana Forumunun “Sabah üçün yeni liderlər”in üzvüdür.
F. Muradov 2012-ci ildə Bakıda 27 ölkənin gəncləri tərəfindən yaradılmış “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri seçilib.
Akif Səməd: 1980-ci illər Azərbaycan poeziyasının nakam nümayəndələrindən olan Akif Səməd 1959-cu ilin 22 iyul tarixində Qazaxın Astanbəyli kəndində anadan olub.
Yunis Oğuz:“Olaylar ” qəzetinin baş redaktoru, yazıçı Yunis Oğuz da bu tarixdə dünyaya göz açıb. O, 1960-cı il iyulun 22-də Şirvan şəhərində anadan olub. Tarixi roman janrında yazıçının onlarla kitabı dünyanın müxtəlif dillərinə tərcümə olunub.
Elmin NURİ