“Başqa ölkələrlə müqayisədə bizim demokratik və siyasi təcrübəmiz azdır”. Bunu Modern.az-a Müsavat Partiyasının keçmiş Divan üzvü Adil Qeybulla deyib.
Onun sözlərinə görə, partiya daxilində gərginliyin olması normaldır: “Çox vaxt partiyalardan birinə transfer etmək, partiyadan getmək başqa cür dəyərləndirilir. Amma bunlar da müvəqqətidir. Müsavat Partiyasının daxilində baş verən proseslərin respublikada analoqu yoxdur. Partiyanın real başqanı artıq nizamnamədə dəyişiklik edərək qərar verib ki, başqanlıqdan getsin. Qurultay keçirilməlidir ki, bu proses həll olunsun. Yəni ölkə tarixində ilk çətin proses olduğuna görə bu cür diskusiyyaların, gərginliklərin, ayrı-ayrı qrup mənafelərinin olması təbiidir. Buna normal baxmaq lazımdır. Digər tərəfdən, partiyanın daxilində həm başqan seçilmək istəyənlər, həm də onların əleyhinə çıxanlar da ola bilər. Bu, rəqabətdir. Bu rəqabət qurultay gününə qədər də davam edə bilər. Mətbuata da müxtəlif informsiyalar daxil ola bilər. Təəssüflər olsun ki, jurnalistlərin bəziləri müəyyən məsələləri şişirtməklə məşğuldurlar”.
Müsavat Partiyasında istefaların qaçılmazlığına gəldikdə, Adil Qeybullanın fikrincə, ciddi heç nə baş verməyəcək: “Qurultay olacaq, kimsə başqan seçiləcək. Rəqabətin olması normaldır. Ola bilsin ki, bu rəqabət nəticəsində partiya daxilində istefalar da baş versin. Amma 5 il bundan sonra deyə bilmərik ki, Azərbaycan siyasi səhnəsində nələr baş verəcək. Ona görə də məsələlərə sadə yanaşmaq lazımdır”.
Qeyd edək ki, bu il Müsavat Partiyasının qurultayının keçirilməsi gözlənilir. İndiyədək qurultayın vaxtı bir neçə dəfə dəyişdirilib. Qurultayın sentyabr ayının sonlarında keçiriləcəyi nəzərdə tutulsa da, indidən partiyanın başqanı seçilmək uğrunda qızğın rəqabət gedir.
Namidə BİNGÖL