İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızıya səfəri çərçivəsində Cəfər Cabbarlı parkında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. İqtisadiyyatın güclənməsi nəticəsində əldə edilən gəlirlər hesabına regionların sosial-iqtisadi tərəqqisinə yönəldilən tədbirlərin sayı xeyli artıb. Bu tədbirlər sırasında yeni park, xiyaban və istirahət mərkəzlərinin salınmasına və ya günün tələbləri səviyyəsində yenidən qurulmasına xüsusi diqqət yetirilir. Müasir səviyyədə yenidən qurulan parklardan biri də Xızıdakı Cəfər Cabbarlı parkıdır. Bu istirahət məkanının yenidən qurulması sosial məna daşımaqla yanaşı, həm də mənəvi əhəmiyyətə malikdir. Bu park həm də Xızıda doğulmuş Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının xatirəsinə olan ehtiramı nümayiş etdirir. Bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti görkəmli şəxsiyyətlərinin xatirəsinə daim böyük hörmətlə yanaşır, onların fəaliyyətlərini gələcək nəsillərə çatdırmaq və gələcək nəsillərdə dünya səviyyəli azərbaycanlıların xatirəsinə sevgi aşılamaq üçün tarixi işlər görür.
Dövlətimizin başçısı Cəfər Cabbarlının parkda ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Azərbaycan Prezidentinə parkda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 5800 kvadratmetr olan parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb, geniş yaşıllıq zolağı salınıb. Parkda aparılan yenidənqurma işləri zamanı ən xırda detallar da nəzərə alınıb. Bunun nəticəsidir ki, park Xızının ən gözəl və görkəmli yerlərindən birinə çevrilib. Burada yaradılan şərait həm də ümumilikdə rayonda aparılan abadlıq-quruculuq işlərinin həcmini aydın göstərir. Azərbaycan teatr sənətinin inkişafında böyük xidmətləri olmuş, görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyan bu parkda yaradılan şərait istər rayon sakinlərinin, istərsə də Xızıya gələn qonaqların istirahətinin mənalı təşkili üçün geniş imkanlar açır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevin sərəncamları və tapşırıqları əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. Yeni tikilən binalar bölgələrin simasını daha da gözəlləşdirir. İndi bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada Xızı rayonunda görülən işlər də diqqəti cəlb edir. Rayon icra hakimiyyəti üçün yeni tikilən binada yaradılan şərait ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinin daim diqqət mərkəzində olduğunu təsdiqləyir. Bundan başqa, müasir memarlıq üslubunda inşa olunan həmin bina rayonun görkəminə də xüsusi gözəllik verir. Bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.
Dövlətimizin başçısına məlumat verildi ki, binanın inşasına 2013-cü ilin aprelində başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılıb. Fotoguşələrdə, həmçinin Prezident İlham Əliyevin müxtəlif illərdə Xızı rayonunda keçirilən tədbirlərdə iştirakını əks etdirən şəkillər böyük maraq doğurur.
Dövlətimizin başçısı otaqlarda yaradılan şəraitlə də tanış oldu. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Burada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan yaradır. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bütün icra nümayəndəlikləri şəbəkəyə qoşulub. Akt zalında tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Binada kitabxana, iclas və konfrans zalları, inzibati və digər otaqlar vardır. İcra hakimiyyətinin binası, eyni zamanda, şəhərin simasına yeni görkəm verir. Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı şəhərində inşa edilmiş 25 fərdi evdə yaradılan şəraitlə tanış olub.
Azərbaycan yeganə ölkələrdəndir ki, təbii fəlakətlər zamanı evləri dağılmış insanlara dövlət vəsaiti hesabına yeni mənzillər tikilir. Xızı şəhərində də müxtəlif təbii proseslər zamanı 25 fərdi ev qəzalı vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının göstərişinə əsasən həmin evlərin sahibləri üçün dövlət vəsaiti hesabına yeni evlər inşa olunub. Bu işlər qısa zamanda, həm də yüksək keyfiyyətlə həyata keçirilib. Belə tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin durduğuna daha bir əyani misal, “Mən hər bir azərbaycanlının prezidenti olacağam”, - deyən dövlətimizin başçısının fəaliyyətinin real nəticələridir. Həyata keçirilən bu layihələr Azərbaycan dövlətinin ilk növbədə vətəndaşların sosial-rifah halının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması naminə gördüyü işlər sırasındandır. Bu, həm də Azərbaycanın iqtisadi gücünü və potensialını nümayiş etdirir.
Bildirildi ki, bu yeni massivin sakinlərinin əvvəlki evləri rayonda müxtəlif illərdə baş vermiş ekzogen proseslər, o cümlədən qeyri-normal yağıntı, torpaq sürüşməsi, çökmə nəticəsində yaşayış üçün yarasız vəziyyətə düşüb. İkimərtəbəli evlərdə hər cür şərait yaradılıb. Dördotaqlı evlərin hər birinin 7 sot həyətyanı torpaq sahəsi var. Yeni massiv bütün infrastrukturla təchiz edilib. Ərazidə geniş abadlıq işləri görülüb, istirahət guşəsi və uşaq əyləncə meydançası yaradılıb. İlham Əliyev açılışda Xızıda Heydər Əliyev Mərkəzi açılışənda da iştirak edib.
Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikamızın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizin bütün bölgələrində, o cümlədən Xızıda mühüm işlər görülür və vacib layihələr reallaşdırılır. Rayonun mərkəzində yeni tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar toplanıb. Burada Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük şəxsiyyətin məqsədyönlü siyasəti nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer verilib. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin təbliği, Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz vətəni, milləti və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərini gerçəkləşdirmək əzminin reallaşması baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzi həm də Azərbaycanın müasir reallıqlarını əks etdirir. Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Mərkəzin tikintisinə 2013-cü ilin aprelində başlanıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb. Müasir interyeri ilə diqqəti cəlb edən Mərkəzin foyesində Ümummilli Liderin büstü qoyulub. Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair tarixi sənədlərə geniş yer verilib. Burada Ümummilli Liderin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotoları maraqla qarşılanır. Bu fotolarda Ümummilli Liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyinin müxtəlif məqamları əks olunub. Bundan başqa, Mərkəzdə Ümummilli Liderlə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir. Binada, həmçinin Prezident İlham Əliyevin Xızıya səfərlərini əks etdirən fotolardan ibarət stend də maraq doğurur. Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlərə də başlanıb. Qeyd edildi ki, bu Mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də nəzərdə tutulur.
Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub. Burada sərgi salonu, kafe, istirahət və digər yardımçı otaqlar var. Açıq sərgi salonunda maraqlı rəsm nümunələri sərgilənir. Mərkəzdə elektron kitabxana, kulinariya, xalq sənətkarlığı emalatxanası, musiqi və heykəltəraşlıq dərnəkləri fəaliyyət göstərəcək. Bu dərnəklər gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkilinə geniş imkanlar yaradır. Mərkəzdəki kompyuter otağı, rəsm və dizayn studiyaları, virtual sinif də müasirliyi ilə diqqəti cəlb edir. Burada rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan yaradılıb. Mərkəzdəki 230 yerlik akt və kiçik konfrans zallarında ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin, o cümlədən ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliği məqsədilə açıq dərslərin keçirilməsi nəzərdə tutulub. Buraya gələnlər 3D kino zalından, pnevmatik tir zallarından istifadə edə bilərlər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Əməkdar Müəllim Xatirə Şahgəldiyeva Prezident İlham Əliyevə rayon sakinlərinin təşəkkürünü çatdırdı.
Sonda xatirə şəkli çəkdirildi.
Modern.az