Paytaxtın daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonunda törədilmiş daha bir qətlin “isti izlər”lə açılması təmin edilib.
Belə ki, iyulun 11-də 1983-cü il təvəllüdlü Əliyeva Natəvan Telman qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həmin faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, N.Əliyevanın yaşadığı mənzildə hadisədən əvvəl mebel quraşdırmış Quba rayon sakini, 1988-ci il təvəllüdlü Tahirov Tərlan Rahib oğlu tamah məqsədi ilə iyulun 10-da həmin mənzilə gəlib üstündə gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürülüb. Daha sonra o, mənzildə axtarış apararaq N.Əliyevaya aid qızıl-zinət əşyalarını götürüb hadisə yerindən qaçıb. Cinayətin T.Tahirov tərəfindən törədilməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan o, iyulun 22-də tutularaq istintaqa cəlb olunub. T.Tahirov dindirilərkən törətdiyi əməli etiraf edib. Hazırda iş üzrə istintaq Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir. Modern.az