“Hələ işdəyəm, axşam ailəmlə birlikdə evdə olacam”. Bunu Modern.az saytına deputat Fuad Muradov ad günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib: “Doğum günümü xüsusi qeyd etmək fikrim yoxdur. Zəng vurub təbrik edən dostlarıma da minnətdaram. Sözün düzü, hər il ad günümü ailə üzvlərimlə birgə keçirirəm. Bu gün də istisna deyil”.
Deputat gənc yaşlarından siyasətə qatılmağından da danışıb: “Tələbə olandan bu günə qədər siyasi fəaliyyətlə məşğulam. Azərbaycanın sürətli inkişafı dövründə ulu öndərimiz Heydər Əliyev biz gənclərə böyük sevgi ilə siyasətə qatılmağa şərait yaratdı. 2005-ci ildə parlament üzvü oldum. Ölkədə elə bir şərait yaranıb ki, hər bir gənc özünə güvənərək, öz işini bilərək böyük bir şərəfli yol tutub. Mən də buna görə həyatımdan çox razıyam. Ölkəmə, cənab prezidentimə çox minnətdaram ki, bizim kimi gəncləri dəstəkləyir. Biz də öz bacarıq və biliyimizi düzgün istiqamətə yönəldə bilirik. Bunun üçün cənab preizdentə dərin təşəkkürümü bildirirəm. Bu gün gənclər məni təbrik edəndə görürəm ki, onlar da 10-15 il bundan qabaq mənimlə birgə siyasi fəaliyyətə başlayıblar. Deməli, onlar da yaşlaşıblar. Düşünrəm ki, Heydər Əliyev yolunu çox öyrənməliyik. İşdə də hər zaman deyirəm ki, Azərbaycanın müstəqilliyi, dövlətçiliyi bizim üçün böyük bir məktəbdir. Birmənalı olaraq deyə bilərəm ki, hər bir insan yeni istiqamətləri daha da bilmək üçün çox çalışmalıdır. Azərbaycanda gənclərlə bağlı siyasət, prezident İlham Əliyevin gənclərə olan dəstəyi nümunəvi hal kimi göstərilir. Gənc olaraq öyrənməyə hələ çox şey var. Ona görə öz üzərimdə daima çalışıram”.
Qeyd edək ki, bu gün Milli Məclisin deputatı Fuad Muradovun doğum günüdür. 1979-cu il iyulun 22-də dünyaya gəlmiş deputat 1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akadmiyasının su təminatı və idarəetmə fakultəsini bitirib.
Namidə BİNGÖL