Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 22 iyul – Milli Mətbuat Günü münasibətilə Həmkarlar İttifaqlarının mətbu orqanı olan “Ülfət” qəzetinin və Konfederasiyanın mətbuat və ictimaiyyətlə əlaqələr şəbəsinin əməkdaşları ilə görüş keçirilib.
Modern.az saytı xəbər verir ki, AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev media nümayəndələrini salamlayaraq bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi.
“Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunur”.
AHİK sədri qeyd edib ki, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsinə nail olub.
“Qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxıb. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynadı. Milli mətbuatımızın yaranma günü təkcə peşə bayramı deyil, həm də söz, milli düşüncə və mədəniyyət hadisəsidir. Əgər 139 il öncəyə nəzər salsaq görərik ki, o dövrdə nəşr olunan mətbuat orqanlarında əsas məzmun və mahiyyət milli intibah, maarif işığı, mədəniyyət təməli və tərəqqi ünvanıdır. Ona görə də o dövrün mətbuatı əsas hədəfə-milli dövlətçiliyin yaranması amalına nail ola bildi”.
S.Mehbalıyev jurnalistləri peşə bayramları münasibətilə təbrik etdi, yaradıcı işlərində yeni-yeni uğurlar arzuladı. Görüşün sonunda əməkdaşlara pul mükafatları təqdim edildi.
Modern.az