“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşəbbüsü və təşkilatçılığı, 6 Qeyri-Hökumət təşkilatı fəallarının iştirakı ilə cəbhənin Qazax,Tovuz və Gəncə istiqamətlərində xidmət edən zabit və əsgərlərlə görüş keçirilib. Modern.az xəbər verir ki, “Avrasiya Beynəlxalq Problemləri Araşdırma İnstitutu” ictimai birliyinin sədri, Milli Məclisin deputatı Qənirə xanım Paşayeva çıxış edərək, təşkil olunan tədbirlərin mühüm əhəmiyyətini qeyd edib. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, ”Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu, bayram tədbirlərinin ön cəbhədə təşkil edilməsinə razılıq verdiyi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib. O, keçdiyi döyüş yolundan, 1991-95-ci illərdə müxbir olaraq, qanlı savaş meydanlarında qarşılaşdığı maraqlı hadisələrdən danışıb. Ş.Sabiroğlu, öz peşə bayramlarını ön cəbhədə qeyd etməyin mühüm əhəmiyyətini qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, işğalçı Ermənistanın, günü-gündən inkişaf edən ölkəmizin hərbi gücünün qarşısında duruş gətirə bilməyəcəyini bildirib. “Gəncliyə Yardım Fondu” nun vitse-prezidenti, el ağsaqqalı Salman Əliyev Ali Baş Komandanın əmrilə döyüş başlanacağı təqdirdə, silaha sarılmağa hazır olduğunu bəyan edib. Müdafiə Nazirliyin tabeçiliyindəki “Azərbaycan Ordusu” qəzetinin sabiq əməkdaşı, “Şəhid Ailələrinə Sosial Dəstək”ictimai birliyinin sədri Almaz Zeynalova, ön cəbhədə vəzifə borclarını ləyaqətlə yerinə yetirən ərənlərimizlə qürur duyduğunu deyib.Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov ordu həyatının ona çox yaxın olduğunu qeyd edib. O, əsgərləri, komandirlərin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirməyə çağırıb. “Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyin sədri Anar Xəlilov, Xocalı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xəlil Vəliyev, “Qafqaz” Universitetinin Mətbuat və İnformasiya şöbəsinin müdiri Ceyhun Vəliyev, tanınmış şair Vaqif Nəcəfzadə, şairə Dilbər Sultan, Zeynəb Şahidqızı, Elşən Sabiroğlu, Elməddin Nicat,aşıq Elbrus, Hacı Ədalət Məhərrəmovun oğlu,Bakı məktəblisi Fred Asif döyüşçüləri salamlayıb. Maraqlı şeir nümunələri ilə tədbir iştirakçıları qarşısında çıxış ediblər. Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin “Göyəzən”, Gəncə şəhər Mədəniyyət və Turizm şöbəsinin “Vətən” ansamblları maraqlı musiqi nömrələrilə zabit və əsgərlər qarşısında çıxış ediblər. “Yeni Yurd Sosial İnkişaf “ ictimai birliyinin sədri Mahirə xanım Əsədovanın göndərdiyi sovqat, habelə, qonaqların özlərilə gətirdikləri hədiyyələr, zabit və əsgərlərə çatdırılıb.
Modern.az