İyulun 23-də Ağdamın işğalının 21-ci ildönümü günündə AzərTAc-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu ermənilərin Facebook sosial şəbəkəsində Azərbaycan Respublikasına ərazi iddialarını qondarma faktlarla əsaslandırmağa çalışan və ən çox istifadəçisi olan “Nakhichevan belongs to Armenia” səhifəsinin bağlanmasına nail olub.
Modern.az xəbər verir ki, bu barədə AzərTAc-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri Rauf Əliyev bildirib.
Onun sözlərinə görə, ermənilər həmin səhifədə Naxçıvanın guya qədim Ermənistan torpağı olduğu barədə ingilis dilində saxtalaşdırılmış məlumatlar verir, bu məsələyə dair üzdəniraq erməni “tarixçilərinin” ortaya atdıqları qondarma faktları yayırdılar. Məlumatların inandırıcı olması üçün onlar səhifəyə Naxçıvan Muxtar Respublikası ilə bağlı videosüjetlər də yerləşdirir, guya qədim Azərbaycan diyarının ərazisində ermənilərin tarixi abidələrinin dağıdılması, erməni qəbirlərinin yox edilməsi barədə əsassız informasiyalar paylaşırdılar.
Bununla bağlı sosial şəbəkənin əksər azərbaycanlı istifadəçiləri Facebook-a səhifənin bağlanması tələbi ilə çoxsaylı şikayət ünvanlasalar da, bir nəticə hasil olunmamışdı.
AzərTAc-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu da ermənilərin təxribat xarakterli addımlarının qarşısını almaq üçün Facebook sosial şəbəkəsinin rəhbərliyinə müraciət ünvanlamışdı. Müraciətdə konkret faktlar əsasında bu səhifənin fəaliyyətinin beynəlxalq hüququn normaları ilə daban-dabana ziddiyyət təşkil etdiyi və tarixi saxtalaşdırmaq məqsədi daşıdığı tam dolğunluğu ilə əksini tapmışdı.
Bu əsaslandırılmış müraciətə operativ reaksiya verən Facebook rəhbərliyi şikayəti dərhal araşdırıb və “Nakhichevan belongs to Armenia” səhifəsinin bağlanmasına dair qərar qəbul edib.
Bununla bağlı Facebook rəhbərliyinin AzərTAc-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri Rauf Əliyevə göndərdiyi məktubda deyilir: “Şikayətinizlə əlaqədar “Nakhichevan belongs to Armenia” səhifəsinin saxlanılması barədə əvvəllər qəbul etdiyimiz qərarı dəyişməli olduq. Müraciətiniz əsasında ermənilərin açdıqları səhifə ilə bağlı bütün məsələləri ciddi araşdırdıq və sosial şəbəkə standartlarımızın tələblərini kobud surətdə pozduğu üçün həmin səhifəni ləğv etdik. Haqlı tələbinizə görə təşəkkür edirik”.
Modern.az