“Beynəlxalq Qızıl Xaç Komitəsi girov ailələrinin öz yaxınlarının taleyilə maraqlanmasına normal yanaşır. Amma onların BQXK-nin binası qarşısında etiraz aksiyası keçirmələrinin bizim işimizə heç bir təsiri yoxdur”.
Bunu Modern.az saytına Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşlarının ailə üzvlərinin dünən komitənin binası qarşısında keçirdiyi etiraz aksiyasına münasibət bildirərkən söyləyib.
“Ailərin bizim nümayəndəliyin qarşısında yığışıb-yığışmaması bizim həmin işlə məşğul olmağımızın sürətini nə azaltmır, nə də artırmır. Çünki, biz onsuzda öhdəmizdə olan, əlimizdən gələn hər bir şeyi edirik”.
O, girovlarla bağlı BQXK-nın hələ ki hər hansı açıqlama verməyəcəyini də qeyd edib.
Girovlarla görüşülüb-görüşülməmə məsələsinə gəldikdə, İlahə Hüseynova hər zamankı kimi “dialoqlar davam etdirilir”, deməklə kifayətləndi və əlavə açıqlama verə bilməyəcəyini söylədi.
Burdan isə belə nəticə çıxır ki, iyul ayının əvvəllərindən girov götürülən vətəndaşlarımıza işgəncələr verilir və elə bu səbəbdən də BQXK-a onlarla görüşünə icazə verilmir. Ailələr isə nigarandır.
Gülşən RAUFQIZI