Qazaxda ön cəbhədə yerləşən hərbi hissədə Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi keçirilib. Modern.az xəbər verir ki, görüşdə millət vəkili hərbi hissələrdə, ön cəbhədə keçirilən bu cür tədbirlərin, kitablarının təqdimatı və imzalanma tədbirlərinin onun üçün daha böyük məna daşıdığını deyib.“Ölkəmizin möhkəmliyi üçün gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli və zəngin dünyagörüşünə malik olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”
Q.Paşayeva əsgər və hərbiçilərə müəllifi olduğu kitablar barədə qısa məlumat verdikdən sonra onlarla toplumda kitab oxumağa meyilliyin artmasının vacibliyi barədə fikir mübadiləsi də aparıb. Maraqlı keçən söhbət və görüşün sonunda Qənirə Paşayeva müəllifi olduğum kitabları əsgər və hərbiçilər üçün imzalayaraq hədiyyə edib və bu günün onun üçün həyatında hər zaman yadda qalan günlərdən biri olduğunu deyib.
Millət vəkili rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB adından hərbi hissəyə xüsusi hədiyyələrini də təqdim edib.