"Ayrı-ayrı dövlətlərin parlamentlərinə girovların geri qaytarılması ilə bağlı müraciət ünvanlamağı məqsədəuyğun hesab etmirəm". Bunu Modern.az-a ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib: “Onu da nəzərə almaq lazımdır ki, indi yay aylarıdır. Avropada da bu vaxtlar istirahətə xüsusi dəyər verirlər. Avropalı deputatlar da tətildədir. Bu səbəbdən parlamentin adından bu və ya digər məsələyə münasibət bildirilməsini istəmək hesab edirəm ki, doğru olmaz. Bunu etsək belə, müvafiq cavabı ala bilməyəcəyik”
Milli Məclisin sədr müavini ATƏT PA-nın prezidentinə ünvaladığı məktubdan da danışıb: “Bildiyiniz kimi, ATƏT Parlament Assambleyasının prezidenti İllka Kanevraya məktubla müraciət ünvanladım, təəssüf ki, indiyə qədər konstruktiv cavab almamışam. Hələlik gözləyirik. Əslində, həm ATƏT PA-nın prezidentinə, həm ATƏT-in Minsk Qrupuna, onun həmsədrlərinə ünvanlanan məktubu ATƏT üzvü olan dövlətlərin parlamentlərinə yönəlmiş müraciət kimi də qəbul etmək olar. Bu, həm baş katibliyə, həm də prezidentin ünvanına daxil olub və mətbuatda da bu məsələ işıqlanıb. Oan görə də bunu bütün ATƏT üzvü olan ölkələrə göndərilən müraciət kimi də qəbul etmək olar”.
Qeyd edək ki, Ermənistan hərbçiləri tərəfindən girov götürülən 3 kəlbəcərli - Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənovun taleyi hələ də sual altındadır. Beynəlxalq təşkilatlara, Qırmızı Xaç Komitəsinə ünvanlanan müracətlər hələ də nəticəsiz qalır. Bu gün isə Beynəlxalq Qızlı Xaç Komitəsi tərəfindən 3 girovdan biri olan Həsən Həsənovun öldürülməsini təsdiqləyən bir neçə foto əldə edilib.
Namidə BİNGÖL