Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri və ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynab Kazımova Norveçin Oslo Universitetində Azərbaycan mətbuatı ilə bağlı təqdimatla çıxış edib. Modern.az-ın məlumatına görə, sözügedən universitetdə Yay Məktəbində iştirak edən Departament rəhbəri öz təqdimatında əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan “Əkinçi”nin ilk milli Azərbaycandilli qəzet olduğunu bildirib və “Əkinçi”dən üzü bu yana mətbuatımızın inkişaf yolundan söz açıb. O, Həsən bəy Zərdabinin milli qəzet yaratmaq istəyini onun xalqının maarifpərvər ziyalısı olaraq vətənpərvər şəxsiyyət kimi o dövrdə millətinin gələcəyini düşündüyünü deyib. Zeynab Kazımova, həmçinin Azərbaycanda milli mətbuatın XIX əsrin sonlarında meydana çıxmasına rəğmən, bundan öncə ölkəmizdə həmin əsrin əvvəllərindən rusdilli mətbu nəşrlərin mövcud olduğunu deyib və bunu doğuran səbəbləri diqqətə çatdırıb.
Zeynab Kazımova bildirib ki, müasir günümüzdə müstəqil dövlət olan Azərbaycan Respublikasında medianın (KİV) inkişafına böyük əhəmiyyət və dəstək verilir. O, Azərbaycanda milli mətbuatın yubileylərinin geniş təntənə ilə qeyd edilməsinin artıq bir ənənəyə çevrildiyini bildirib. Bu ənənənin əsasının Ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ilin martında verdiyi fərman ilə qoyulduğunu və bundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu ilin iyun ayının 10-da “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladığını vurğulayıb.
Zeynab Kazımova bildirib ki, Azərbaycanda jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. 2003-cü ildən bəri bu proses yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası əsasında silsilə və kompleks tədbirlər həyata keçirilib. 2010-cu ildə ölkə jurnalistlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində daha bir mühüm tədbir reallaşdırılıb. Mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli bina inşa olunub və bütün mənzillər yüksək səviyyədə təmir edilib. Departament rəhbəri çıxışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin keçən il Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümü ilə bağlı tədbirdə iştirak etdiyini və həmin tədbirdə KİV nümayəndələrinə mənzillərin verildiyini də sözlərinə əlavə edib.
Zeynab Kazımova Azərbaycan Respublikası Konstitusiyasında söz və ifadə azadlığının təsbit olunduğunu vurğulayıb. Ölkəmizdə jurnalistlərin fəaliyyətini tənzimləyən KİV haqqında Qanunun mövcudluğunu nəzərə çatdıraraq, Azərbaycanda televiziya və sosial medianın fəaliyyət istiqamətlərindən də danışan mətbuat katibi müstəqilliyini cəmi 23 ildir ki, bərpa edən ölkədə medianın sürətli inkişaf perspektivlərini də nəzərə çatdırıb.
Təmsil etdiyi ali təhsil müəssisəsi haqda da məlumat verən Zeynab Kazımova Azərbaycan Dillər Universitetinin ölkənin aparıcı ali təhsil ocaqlarından biri kimi öndə olduğunu deyib. Universitetdə də rəhbərlik tərəfindən mətbuat üçün münbit şəraitin yaradıldığını deyən Zeynab Kazımova baş redaktoru olduğu ADU –nun rəsmi mətbu orqanı “Poliqlot” qəzeti və təsisçisi olduğu Azərbaycanda yeganə fransızdilli nəşr olan “Le Carrefour” qəzeti haqqında da məlumat verib.
Xatırladaq ki, Z.Kazımova ADU-nun müxtəlif kafedralarını təmsil edən altı müəllimi və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisasında təhsil alan 6 tələbəsi ilə birgə Oslo Universitetinin Yay məktəbində iştirak edirlər.
Qeyd edək ki, 86 ölkədən 500 iştirakçının olduğu yay məktəbində Zeynab Kazımovanın qatıldığı “Media studies” üzrə qrupda Azərbaycanla yanaşı, Norveç, İspaniya, Braziliya, Pakistan, Argentina, Vyetnam, ABŞ, Rusiya, Ukrayna, Qırğızıstan, Banqladeş, Nepal, Ermənistan və Efiopiyadan olan müxtəlif media strukrurlarını təmsil edən nümayəndələr də iştirak edirlər. Azərbaycan mətbuatı haqda təqdimat iştirakçıların marağına səbəb olub.
Onu da bildirək ki, Yay Məktəbi avqustun 1-də başa çatacaq.
Modern.az