Təhsil naziri Mikayıl Cabbarov fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmri imzalayıb. Modern.az-a Təhsil Nazirliyindən verilən məlumata görə, yeni əmrə əsasən uzun müddət təhsildən kənarda qalan şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2014-2015-ci dərs ili üçün tədris planı və tədris planına dair “qeydlər” təsdiq ediləcək:
1. Bu tədris planı təhsil nazirinin 2014-cü il mayın 29-da imzaladığı 645 nömrəli əmri ilə təsdiq edilən “Fərdi təhsilin təşkili haqqında qaydalar”a uyğun olaraq, uzun müddət təhsildən kənarda qalan şəxslərin təhsilinin təşkilini tənzimləyir.
2. Tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsini təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin metodkabineti tərəfindən hazırlanıb təsdiq olunur.
3. Tədris planı üzrə dərslər həftədə 4 gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir.
4. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur.
5. Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.
Rüfanə GÜNƏŞ