Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkədəki səlahiyyətlərinin başa çatması ilə əlaqədar etdiyi vida çıxışında bildirib.
Səfir qeyd edib: "Sülh regiondakı insanlara əhəmiyyətli faydalar gətirəcək və Azərbaycanın gələcək rifahını təmin edəcəkdir".
R.Morninqstarın sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işini davam etdirəcək.
Səfir həmçinin qeyd edib ki, Azərbaycanla ABŞ bəzi məsələlərə fərqli yanaşır. "Lakin hər bir tərəfdaşla olduğu kimi davamlı dialoq mühümdür. Bizim fikir ayrılıqlarımız ola bilər, lakin biz dialoqu davam etdirməliyik".
R.Morninqstar qeyd edib ki, ABŞ Azərbaycan mürəkkəb məkanda yerləşir: "Azərbaycan öz suverenlik və müstəqilliyini qoruyub saxlamağa çalışdığı bir vaxtda biz onun yanında olmalıyıq. Biz bilirik ki, hökumətin ən öndə məsələsi sabitliyi qorumaqdır. Azərbaycanda sabitliyi qoruyub saxlamağa biz də kömək etmək istəyirik"
Səfirin sözlərinə görə, Birləşmiş Ştatlar Azərbaycanda hər hansı bir şəkildə qeyri-sabitlik və ya iğtişaş yaratmaq istəmir.
O, qeyd edib: "Gələcəyə baxaraq ümid edirəm ki, ikitərəfli əlaqələrimizin önəminin daha yaxşı anlaşılması və dəyərləndirilməsi artacaqdır. Әləqalərimizi dərinləşdirməyin yollarını araşdırmaqda davam edəcəyik".
"Ötən iki il ərzində etdiklərim və dediklərim bir məqsəd güdüb - Azərbaycanın demokratik və bazar iqtisadiyyatına əsaslanan ölkəyə çevrilməsi istiqamətində irəliləyiş əldə etmək üçün əməkdaşlıq etmək".
Səfir qeyd edib ki, o, Azərbaycana 1995-ci ildən səfər edib və bir çox azərbaycanlıları özünə dost hesab edir: "Səfir olmaq mənim üçün şərəf və məmnuniyyət idi və mən getdiyimə görə kədərlənirəm".
Birləşmiş Ştatların Azərbaycanın suverenliyi və müstəqilliyini bundan sonra da dəstəkləyəcəyini bildirən Morninqstar vurğulayıb ki, o, Azərbaycana ilk dəfə təqribən 20 il əvvəl səfər edəndə bura fərqli bir yer idi: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərbi əməliyyatları dayandırmaq üçün atəşkəs imzalanmışdı. İqtisadiyyat böhran vəziyyətində idi. Lakin Azərbaycan o vaxtdan bəri böyük iqtisadi inkişafa nail olub və ölkənin əksər hissəsi əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişib. İndi Bakı iyirmi il bundan əvvəlki şəhərdən xeyli fərqlənir. Azərbaycan xalqı çox böyük çətinliklərin öhdəsindən gəlib və siz bununla fəxr etməlisiniz".
Riçard Morninqstar jurnalistlərin işğal altında olan Kəlbəcər rayonunda azərbaycanlıların girov götürülməsi ilə bağlı sualına cavabında deyib ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hər hansı xoşagəlməz hallar və faciəvi itkilər çox ağrılıdır.
Səfir qeyd edib: "Bilirəm ki, təmas xəttindəki hadisələr ATƏT-in Minsk qrupunun həmsədrlərini çox narahat edir və bu, bir daha bu dəhşətli münaqişənin tez bir zamanda nizamlanmasının əhəmiyyətini göstərir".
ABŞ-ın Azərbaycanda yeni səfirinin ölkəyə nə zaman gələcəyi ilə bağlı suala cavabında R.Morninqstar yeni səfirin namizədliyinin tez bir zamanda təsdiqlənəcəyinə ümidvar olduğunu bildirib: "Bildiyiniz kimi, Konqresimiz bütün namizədləri tez bir zamanda təsdiq etmir. Bunun cənab Robert Sekuta və ya Azərbaycanla heç bir bağlılığı yoxdur".
O, qeyd edib ki, yeni səfirə ötən illər ərzində həyata keçirilən prinsiplərə sadiq qalmağı, ölkələrimiz arasındakı əlaqələrin əhəmiyyətinə diqqət yetirməyi tövsiyə edib: "Әminəm ki, o öz işini çox yaxşı görəcək".
Modern.az