Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2014-cü ilin I yarımilliyinin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan DSMF sədri Elman Mehdiyev İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlardan danışıb:"Ölkə başçısının uğurla həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələri, o cümlədən sığorta-pensiya sisteminin yüksələn xətlə inkişafı təmin edilib və əhalinin sosial rifahı daha da yaxşılaşıb. Bu əsasda Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2014-cü ilin 6 ayında da uğurla davam etdirilib".
DSMF sədri çıxışında 2014-cü ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib: “Ötən illərdə olduğu kimi, 2014-cü ildə də Azərbaycanda həyata keçirilən sığorta - pensiya islahatları nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində DSMF və Avropa İttifaqının birgə layihəsi fəaliyyətini uğurla davam etdirir”.
E.Mehdiyev DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsini nəzərə alaraq, cari ilin oktyabr ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının sığorta-pensiya sistemində elektron xidmətlər mövzusunda beynəlxalq konfransının Bakı şəhərində keçiriləcəyini diqqətə çatdırıb.
Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxış ediblər. Kollegiya iclasında Fondun yerli orqanlarının 2014-cü ilin I yarımilliyindəki fəaliyyəti ətraflı təhlil edilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda icrası 2014-cü il üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərlə bağlı ətraflı müzakirələr aparılıb. Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin daha da sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.
Modern.az