İyulun 25-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2014-cü ilin birinci yarımilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, 2014-cü ilin birinci yarısında qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər konkret olaraq tabelik qaydası əleyhinə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, maşınları idarəetmə və istismar qaydalarını pozma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, eləcə də qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azallb.
Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları, ümumiyyətlə, qeydə alınmayıb. Qeydə alınmış cinayətlərin 99,9 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub.
Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə qulluğa səhlənkar yanaşma, mülkiyyət əleyhinə cinayətlər və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri artıb.
Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adamöldürmə, özünü öldürmə həddinə çatdırma, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin qarşısının alınması üçün Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Silahlı Qüvvələrdə törədilən cinayətlərin qarşısının alınması məqsədi ilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilib və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Xanlar Vəliyev deyib ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı və ya avtoqəza nəticəsində baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluğu tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır və istintaq hərəkətləri aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.
Respublikanın hərbi prokurorluq orqanları 2014-cü ilin birinci yarımilində korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 43 şəxs barəsində 30 cinayət işinin istintaqını tamamlayaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çoxdur.
Müşvirədə xüsusi vurğulanıb ki, 2014-cü ilin birinci yarımilində hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələri aşkar edilərək qeydə alınıb və bu qəbildən olan bir sıra işlərin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.
Cari ilin altı ayında hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 21 nəfər tapılıb istintaqa cəlb edilib.
Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 72 yoxlama keçirilmiş, nəticədə 980 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 90 təqdimat göndərilib, 105 nəfərə xəbərdarlıq edilib, 37 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 72 yazılı göstəriş verilib. Prokurorun təqdimatlarının baxılması nəticəsində 226 nəfər intizam məsuliyyətinə cəlb edilib.
Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 35 apelyasiya protestinin 63 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə 130 məhkəmə prosesi səyyar qaydada keçirilib.
Modern.az