Niyazi Mehdi qəzetlərin birində dinlə bağlı bir yazı qələmə alıb. Məqalədə o, qəribə bir məntiqlə musiqilə bağlı bir misal çəkib və birdən bu misaldan nəticə çıxararaq İslam dininə "qiymət" verib:
"Deməli, İslam bizim üçün ən üstün gerçəkləri verən din kimi dəyərli deyil. İslam bizim ruhumuza mühit verən aləm kimi dəyərlidir. İnsanın istədiyi dini, ibadət formasını seçməsinin anlamı insanın ekzistensiyasına, yaşamına, ruhuna uyğun dini seçməsidir".
Bur sözlə, dini ilahi həqiqət mütəvisindən fərdi zövq müstəvisinə endirib.
Daha sonra müəllif dini plüralizmin "açımı"nı təqdim edərək qeyd edib ki, öz dinini seçdikdə, onun meyarı heç də haqq olanını, digərlərinin içində ən doğru olanını seçmək olmayıb: "Yəni mənim, dinim kimi, İslamı seçməyim onu başqa dinlərdən ÖZÜM ÜÇÜN üstün saymağımdır və mənim bu haqqım dinlərin bərabərliyini pozmur. Çünki mən İslamı ən doğru, ən düzgün din saymaqla seçimimi əsaslandırmıram. Mən sanki deyirəm, İslam mənim ruhumu dolğunlaşdırmaq üçün, ailə və insani mühitim üçün ən yaxşı, yəni mənə yararlı dünya modelidir, ona görə seçirəm onu. Ancaq elə ki İslama verdiyim bu üstünlüyü "ona görə ki, ən doğru dindir" ideyasına çevirirəm, həməncə İlahi yoldan azıram".
Qəribə məntiqdir! Tutaq ki, bir insan A nöqtəsindən B nöqtəsinə getməlidir. Həmin yerə də gedən bir yol var. Amma sözügedən insanın qarşısında onlarla yol var və o, bunların içindən B nöqtəsinə gedən yolu, doğru olan yolu tapıb getməlidir. Belə bir halda, həmin insan doğru olan yolu deyil, "ürəyəyatan" yolu tutub getsə, B nöqtəsinə yetişə biləcəkmi? Əlbəttə yox! Belə isə, yolunu kim azmış sayılar, ən doğru olan yolu tapıb gedən şəxs, yoxsa doğruluğuna əmin olmadığı, sadəcə "ÖZÜ ÜÇÜN" üstün saydığı, ona yararlı gələn yolla başqa səmtə yönələn şəxs?
Müəllif qarşıda çoxlu yolların olmasını belə təqdim edir: "Allah Özü ilə bizim ilişgilərimizi çaşdırıcı sonsuzluq üstündə qurub. Həmin sonsuzluq ona görə çaşdırır ki, sonsuz ibadət yollarını verir və sən birini ən doğru, bircə doğru sayan kimi həməncə Allah yolundan azırsan. İslamda, - Şiəlikdə, Sünnilikdə, - Xristianlıqda və başqa dinlərdə bu qədər azmışların olmasının səbəbi öz yollarını mütləqləşdirməkdəndir. Əsl mömin adam Allaha doğru tutduğu yolu nə qədər sevsə də, ağlının bir küncündə teoloji şübhəni saxlayır: mənim yolum ən doğru deyil, başqaları da var".
Şübhəsiz ki, istənilən inanclı şəxs özü kimi inanmayan digərlərinin də dini seçim haqqını tanımalı, onların seçiminə hörmətlə yanaşmalıdır. Bu, Qurani-Kərimdə də təsbit edilib: "Sizin dininiz sizə, mənim də dinim mənə!" (109;6).
Amma bu o demək deyil ki, inanclı insan öz inandığı dinin düzgün olduğuna inanmamalıdır. Axı müəllifə görə insan buna inanarsa, yolunu azmış olacaq. Bu iddiası ilə Niyazi Mehdi faktiki olaraq adını çəkdiyi İslam - Şiəlik və Sünnilik, Xristianlıq və başqa din mənsublarının Allah yolundan azdığını bəyan edir. Belə ki, inanclı insanlar müəllifdən fərqli olaraq, öz dini seçimlərini doğruluq meyarı əsasında gerçəkləşdirməyə çalışırlar. Ən yararlıya deyil, ən doğru olanına iman gətirmək istəyirlər. Bunu istəyənləri isə N.Mehdi "Allahın yolundan azmış" kimi səciyyələndirir və açıq şəkildə insanların dini hisslərini aşağılayır. Dini plüralizm iddiasında olan müəllif dinlər arasında bərabərlik işarəsi qoymaq istədiyi halda, dindarları azğınlıqda ittiham edir.
Daha sonra N.Mehdi "müsəlman qavrayışının yeni çağa, yeni gərəklərə uyğun dəyişməsi" haqda fikirlərini yazır. Burada müəllif müsəlmanları modernləşməyə səsləyir. Məlumdur ki, İslam dini özü-özlüyündə hər dövr üçün müasir olan bir dindir. İslam dövrün tələblərilə hesablaşır və hər dövrün şəraitinə görə mənəvi vəzifələr təyin edir. Bunun üçün də dinimizdə ictihad anlayışı var. Müəllifin isə yazır: "Əgər müsəlman dünyasında qadını, qızları ölümdən qurtarmaq üçün naməhrəm cərrahın işinə gərək varsa, İslamın öncəki qavrayışı buna əngəl olmamalıdır." Maraqlıdır, görəsən N.Mehdi harada belə bir şey eşidib, yaxud oxuyub ki, "İslamın öncəki qavrayışı" buna mane olur? Axı İslam dini əsla bu kimi şeylərə əngəl törətmir.
"Mənim teologiyam modernist və postmodernistdir" iddiası ilə çıxış edən müəllif məqalənin davamında bir qədər də irəliyə gedib, Qurani-Kərimlə bağlı mülahizələrini söyləyir və onun əxlaqla, hüquqla bağlı instruksiya rolunun azaldığını, meditasiya kimi yeni dəyərə mindiyini iddia edir. Bu zaman N.Mehdi Quranı Yoqa, Krişna mantraları, Sufi zikrləri ilə bir cərgədə meditasiyanın türlü formalarından biri səviyyəsinə endirir.
Milyonlarla vətəndaşımızın ilahi kitab kimi inandığı Quran haqda belə ifadələrin işlədilməsinə görəsən nə lüzum var? Həm də Quranın nazil olduğu mübarək Ramazan ayında. Axı aydın məsələdir ki, bu kimi hallar dini cameə tərəfindən neqativ qəbul olunur. Dini hissləri aşağılamaqla dindar vətəndaşları qızışdırmaq sabitliyin hökm sürdüyü Azərbaycanımızda kimlərə sərf edir? Axı ölkə gündəminin dərdi Quranın meditasiya dəyərinə minib-minməməsi deyil. Görəsən nə məqsədlə müəllif dininin haqq din olduğuna inanan şəxsləri “Allahın yolundan azmış” kimi xarakterizə edir? Bu ifadələrin cəmiyyətdə qıcıq yaradacağını, dindarların özlərini təhqir edilmiş sayacaqlarını anlamırmı?
Regionumuzda dini zəmində hansı fəlakətlərin baş verdiyinin, din adı ilə nə kimi məkrli oyunların getdiyinin şahidiyik. Ətrafda “din alovu” püskürdüyü bir vaxtda, xoşbəxtlikdən ölkəmiz bu alovun tüstüsündən uzaqdadır. Görəsən Niyazi Mehdi belə qızışdırıcı və təhrikedici yazıları ilə nəyə nail olmağa çalışır?
Hörmətli müəllif! Din sahəsi olduqca həssas sahədir və dini mövzuda yazılara xüsusi ehtiyatla yanaşmaq lazımdır. Hətta özünüz bu və ya digər dini doğru saymırsızsa belə, ona yararlılıq prinsipilə inanırsızsa belə, dini haqq sayıb inananları Allah yolundan azmış adlandırmaqla inanclıların dini hisslərinə həqarət etməyin! Quranı meditasiya aləti kimi səciyyələndirməklə, ona ilahi vəhy kimi iman edənlərin əqidələrini aşağılamayın. Heç kəs sizə digər insanların dini etiqadı haqda belə ifadələr işlətməyə, dindarları azmışlıqda ittiham etməyə haqq verməyib. Yazılarınızı yazdıqdan sonra bir dəfə də diqqətlə oxuyun və bu oxunuşda sizin kimi düşünməyən şəxslərin də dini hisslərini, etiqadlarını, fikirlərini nəzərə alın. KİV dini inanclara daş atma meydanı deyil. Əlinizdəki daşları kənara atın. Yoxsa çox yuxarı atdığınız daş gəlib sonda öz başınıza düşər.
Səfər Quliyev