Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki separatçı erməni rejiminin əsir, girov və itkinlərlə əlaqədar “komissiyası” Kəlbəcərdə girov düşən soydaşlarımızla bağlı məlumat yayıb.
Modern.az saytı “Armenia today”a istinadən xəbər verir ki, separatçılar iyulun 26-da Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin azərbaycanlı girovlar Dilqəm Əsəgərov və Şahbaz Quliyevlə görüşdüyünü bildiriblər.
Ermənilər Dilqəm Əsəgərov, Şahbaz Quliyev və adını açıqlamadıqları digər azərbaycanlının (söhbət Həsən Həsənovdan gedir) ağır cinayətlər törətdiyini iddia edərək, bildiriblər ki, guya, onlar 2 nəfər erməninin ölümündə və 1 nəfərin yaralanmağında günahkardırlar.
Erməni tərəfi yenə də “diversant” adlandırdıqları və sağ ələ keçirdikləri girovlara - Dilqəm Əsəgərov, Şahbaz Quliyevə Cenevrə konvensiyasına uyğun olaraq humanist davranış, ədalətli mühakimə vəd ediblər.
Üçüncü şəxsə gəldikdə isə onun öldürüldüyünü bir daha vurğulayan erməni tərəfi bu soydaşımızın kimliyinin dəqiqləşdirildiyi istiqamətində əlavə araşdırma apardıqların qeyd ediblər.
Dağlıq Qarabağ ərazisindəki separatçı erməni rejiminin əsir, girov və itkinlərlə əlaqədar “komissiyası” bəyan edib ki, ölən azərbaycanlının kimliyi rəsmən təsdiqlənəndən və bununla bağlı istintaq hərəkətləri bitəndən sonra onun meyitini Azərbaycana təhvil verməyə hazırdırlar.
Ermənilər Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə öldürülən azərbaycanlının şəxsiyyətinin dəqiqləşdirilməsi üçün Azərbaycan tərəfinə sorğu göndərildiyini bildirərək, barəsində rəsmi informasiya gözlədiklərini qeyd ediblər.
Modern.az