“Rauf Mirqədirovla dünən görüşdük, müəyyən məsələləri müzakirə etdik. Mənə qədər artıq Yunusovların həbsindən xəbəri var idi, çünki ona verilən rəsmi qəzetlərdən bu barədə oxumuşdu. Məsələ ona məlum idi”.
Bu barədə Modern.az-a jurnalistin vəkili Elmar Süleymanov məlumat verib. Vəkilin sözlərinə görə, narazılıqla bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayətlə müraciət edildikdən sonra məhkəmə iclas protokoluna dair müdafiə tərəfinin verdiyi qeydlər üzrə qanunda nəzərdə tutulmuş tədbirlərin icra etməməsini nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsi bu pozuntuları aradan qaldırmaq məqsədilə işi Nəsimi rayon Məhkəməsinə geri qaytarıb. “Lakin Nəsimi rayon Məhkəməsi hələ də bu pozuntuları aradan qaldırmayıb və bu işi şikayətlə birlikdə geriyə Bakı Apellyasiya Məhkəməsinə göndərməyib”.
“Rauf Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin əlavə olaraq 4 ay müddətinə uzadılmasına dair Nəsimi rayon Məhkəməsinin 15 iyun tarixli qərarının qanuni və əsaslı olmasına dair hələ də heç bir qəti məhkəmə aktının olmadığını nəzərə alaraq, jurnalistin müdafiə tərəfi olaraq hesab edirəm ki, əsassız olaraq həbsdə saxlanılan Rauf Mirqədirovun azadlıq hüququ pozulmuş və bu pozuntu bu günədək davam etməkdədir”, – deyə vəkil əlavə edib.
Gülşən RAUFQIZI