“Dünən ermənilərin yaraladığı 14 yaşlı qızın vəziyyəti normaldır. ”. Bunu Modern.az-a açıqlamasında Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Akif Həsənov deyib. Şöbə müdirinin sözlərinə görə, hadisə dünən günorta saatlarında rayonun Şınıx kəndinə baş verib:
“Təxminən saat 12-13 arasında rayonun Şınıx kənd sakini Tağıyeva Şəlalə Mais qızı həyətlərində oturub və qucağında da bir yaşında körpə olub. Qız deyir ki, oturduğum yerdə ayağına nəsə dəyib. Sonrada oturduğu yerdən aşağı yuvarlanıb. Qonşular maşın təşkil edib xəstəxanamıza gətiriblər. Sol ayağının pəncə hissəsinin dəyib keçən güllə yarasıdır”.
Cərrah deyir ki, yaralını əməliyyat etməyə ehtiyac olmayıb: “Sadəcə yaralını nəzarətdə saxlayırıq. Yaranı müayinə edirik. Hazırda sınıq olub-olmadığını yoxlamaq yaralını rentgenə hazırlayırıq. Çox güman ki, daraq sümüklərində sınıq olacaq”.
A.Həsənov rayonun icra strukturlarının yaralanın vəziyyəti ilə maraqlandığını bildirib.
Gədəbəy rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Qabil Muxtarov da yaralının vəziyyəti ilə maraqlandıqlarını deyib:
“Qızın vəziyyəti normaldır, bizim İcra Hakimiyyətinin müavinləri də hazırda xəstəxanadadırlar. Yəqin ki, günün sonuna qədər qızı evə buraxarlar”.
Gədəbəyin deputatı Sevinc Hüseynova da rayona getdiyini bildirib:
“Hazırda mən yoldayam və Gədəbəyə gedirəm. Dünən rayonla əlaqə saxlamışam, bu gündə əlaqə saxladım şükürlər olsun ki, elə bir ciddi şey yoxdur”.
Rüfanə GÜNƏŞ