Qarabağ QHT Koalisiyası cəbhə xəttində yaşanan son olaylarla bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. Bəyanatda deyilir:
“Terroru və təcavüzü özünün dövlət siyasətinə çevirən Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində torpaqlarımızın 20 %-dən çoxu işğal edilmiş, 1 milyondan artıq soydaşlarımız hələ də qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT-nin qəbul etdiyi 4 Qətnamənin lazımsız bir sənədə çevrilməsi, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq Ermənistanın işğalçı və terrorçu bir dövlət kimi tanınmasında maraq göstərməməsi cəzasızlıqdan azğınlaşmış bu dövlətin növbəti təcavüz və terror aktı həyata keçirməsinə böyük zəmin yaratmışdır.
20 ildən artıq sürən atəşkəs dövründə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində onlarla mülki şəxs, təmas xəttini qoruyan əsgərlər şəhid olmuş, Ermənistanın qeyri-konstruktiv və işğalçı mövqeyi nəticəsində bu gün də münaqişənin sülh yolu ilə həllində böyük əngəllər yaradılmışdır.
Son günlər Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının atəşkəs rejiminə əməl etmədən təmas xəttini keçərək qanlı aksiyalar törətmələri, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki şəxsləri snayper və digər iriçaplı silahlardan atəşə tutması, bunun müqabilində ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin etinasız bəyanatları Azərbaycan xalqı və ictimaiyyətində böyük hiddət doğurmuşdur.
Ermənistanın təcavüz xarakterli hərbi əməliyyatları, təkcə Azərbaycan xalqına və dövlətinə qarşı yox, bütünlükdə bölgənin, həmçinin Avropanın enerji təhlükəsizliyinə təhdid kimi qəbul edilməlidir.
Qarabağ QHT Koalisiyası olaraq BMT-nin, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların bu münaqişənin həllində tutduqları ədalətsiz və loyal mövqeyinin aradan qaldırılmasını, Ermənistanın işğalçı və təcavüzkar bir dövlət kimi tanınmasında əməli addımlar atılmasını tələb edirik”.
Modern.az