“Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin cəbhə bölgəsinə səfəri Azərbaycanın dövlətçilik tarixində çox əhəmiyyətli məsələlərdən biridir”. Bunu Modern.az-a açıqlamasında millət vəkili Hadi Rəcəbli bildirib. “İlham Əliyev zaman-zaman Ali Baş Komandan kimi müharibə vəziyyətində olan ölkənin döyüş bölgələrində olur və bu səfəri də həmin səfərlərdən biri kimi qiymətləndirmək lazımdır. Bu dəfəki səfər elə bir dövrə təsadüf etdi ki, bu dövrdə erməni təxribatçı qrupları Azərbaycanın sərhəd bölgəsində müdafiə qurumlarına hücumlar etdi. Bunun nəticəsində Azərbaycanın 13 əsgəri şəhid oldu. Bu, müharibə şəraitində olan ölkələr üçün xarakterik haldır”.
Millət vəkili onu da vurğulayıb ki, Prezident bu səfərində ermənilərə və dünyaya bir neçə mesaj da göndərdi. “Prezidentimiz bir daha ordu ilə bir yerdə olduğunu bütün hər kəsə göstərmiş oldu. Bu, Ali Baş Komandan tərəfindən orduya göstərilən diqqətin təzahürü idi. Bununla da silahlı qüvvələrimiz mənfur ermənilərə əməllərinin sonunun çatdığını göstərmiş oldular. Onlar itkilərinin sayını gizlətməklə bir daha özlərinin yalançı və mənfur üzlərini ortaya qoydular”.“Biz ermənilərdən həm ordu quruculuğu, həm silah və həm də ədalət baxımından öndəyik. Bizlər öz əzəli-əbədi torpaqlarımızda müharibə aparırıq”.
Prezidentin səfəri zamanı qaçqınlar üçün tikilən şəhərcikdə onlarla etdiyi söhbətdən danışan millət vəkili bildirib ki, İ. Əliyevin belə bir vaxtda ora səfər etməsi və onlara “Əzəli torpaqlarımızı geri alacağımız təqdirdə burda da hər cür lazımi şəraitin olacağını” söyləməsi bir daha dünyaya və ermənilərə bir mesaj idi”.
Millət vəkili sonda dövlətimizin belə kəskin durumda olduğu halda ikili mövqe tutanlara müraciət edib: “Müxalif mövqedə duran QHT-lər, insanlar arasında müxtəlif fikir ayrılıqları yardan kəslər bilməlidirlər ki, onlar öz vətəndaş mövqelərini ortaya qoyub, vətənimizin bütövlüyü uğrunda əllərindən gələni əsirgəməməlidirlər”.
Modern.az