Millət vəkili Qənirə Paşayeva Azərbaycanın ən yaxşı futbol klublarından olan və böyük futbol ənənələrinə malik “Turan” klubunu ziyarət edib. Ziyarət zamanı heyətin gənc qızlardan ibarət oyunçuları, məşqçilərı görüş keçirilib. Ölkəmizdə idmanın bütün sahələrinə, o cümlədən futbola dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini deyən Qənirə Paşayeva böyük futbol ənənələrinə malik “Turan” klubunun qızlardan ibarət heyətinin üzvləri Vüsalə Hacıyevanın artıq Azərbaycanın milli yığmasında oynamasının, Könül Məhərrəmova və Ayişə Həsənovanın isə millidə oynamaq perspektivinə malik olmasını təqdirəlayiq hal adlandırıb.
Könül Məhərrəmova və Ayişə Həsənova ilə bağlı xüsusi söhbət edən millət vəkili onların gələcək prespektivləri mövzusunda AFFA-nın rəhbərliyi ilə danışacağını deyib.
Deputat AFFA rəhbərliyindən Tovuzda qadın futbolunun inkişafına dəstək və qayğını artırmalarını xahiş edəcəyinə söz verib.
Görüş maraqlı müzakirələrlə yadda qalıb. Millət vəkili “Turan”la bağlı bir neçə dəfə AFFA rəsmiləri ilə görüşlərdə söhbətlər etdiyini deyib. O, görüş zamanı səslənən bəzi fikir və təklifləri AFFA rəhbərliyinə yenidən çatdıracağını deyib.
Millət vəkili gənc qız futbolçularla görüşdən sonra AFFA-nın baş katibi Elxan Məmmədovla danışıb. Elxan Məmmədov bildirib ki, AFFA tərəfindən Tovuzda gənc qız futbolçuların inkişafı, onılara diqqət və qayğının artması istiqamətində səylər də dəstək daha da artacaq.
Qənirə Paşayeva görüşün sonunda müəllifi olduğu kitabları imzalayaraq qızlara hədiyyə edib, onların məşqlərini izləyib.