“Azərbaycan Respublikasının təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Təhsil Nazirliyinin ötən ilin noyabr ayında məktəb direktorlarının səriştəliliyinin və idarəetmə bacarıqlarının artırılamsı təlimlərinin birinci mərhələsi artıq yekunlaşıb.
Modern.az-ın məlumatına görə, 600-dən çox namizədin qeydiyyatdan keçdiyi təlimdə, sonda qalan 54 nəfər olub. Onlardan 42-si “Uğur sertifikatı”nı əldə edə bilib və cəmi 14 nəfər Bakının müxtəlif məktəblərinə direktor təyin olunub.Təhsil Nazirliyinin nümayəndəsi Emin Əmrullayev deyir ki, həmin sertifikat alan şəxslərin maaşlarında artım olması barədə işlər görüləcək: “Bu təlim təhsilin keyfiyyətinin artırılmasına yönəlmişdi.
Sertifikat alan 42 nəfərdən ikisi məktəb direktoru idi, digərləri də direktor müavini vəzifəsində çalışanlar. Biz bu layihənin ilkin mərhələsini yalnız Bakıda təşkil etmişik, amma bunu bölgələrə də tətbiq etmək istəyirik. Sentyabrın sonunda ikinci mərhələyə də start verəcəyik”. Bakı Şəhər 60 nömrəli məktəbin yeni direktoru Günel Rəcəbova deyir ki, bu işə seçilmək üçün bir çox mərhələlərdən keçmək lazımdır: “Qafqaz Universiteti “İngilis dili və ədəbiyyatı” və Odlar Yurdu Universitetinin “Metodologiya” fakültəsinin məzunuyam. British School Baku-da direktor müavini vəzifəsində çalışmışam. Artıq 4 aydır ki, Təhsil Nazirliyinin təşkil etdiyi tədbirlərdə iştirak edirəm. Təhsil Nazirliyinin səhifəsində elanı gördüm və qeydiyyatdan keçdim. Bir çox müsahibələrdən və test imtahanından keçdikdən sonra işə qəbul oldum”. G. Rəcəbova təlimin gedişindən çox razıdır: “Təlimin mənə çox xeyri oldu. Birincisi təlimə nəzarət çox yaxşı idi. Təlimdə tədris prosesi ilə bağlı yeniliklər, maliyyə məsələlərinin necə həll edilməsi, təhsildə innovasiyaların tətbiqi və .s. öyrədilirdi”.
Qeyd edək ki, Bakının təlimlərdən keçərək yeni direktor təyin olunmuş məktəblərinin siyahısı belədir: 7, 19, 31, 60, 117, 123, 203, 206, 245 , 246, 291, Texniki-Humanitar lisey.
Rüfanə GÜNƏŞ