Modern.az

Özünə qəbr yeri axtaran xanım…

Özünə qəbr yeri axtaran xanım…

30 Avqust 2014, 14:41

Boş vaxtım olanda qonşuluqda olan rəsm qalereyasına gedir, özümə dost bildiyim Camalla incəsənətin incəlikərindən və əsəri qalereyada sərgilənən rəssamlar haqqında danışırıq. İmkanım olanda isə rəsm əsərlərindən birini alıb evə dönürəm. Bu dəfə də belə etdim. Neçə gün idi görmədiyim dostumla görüşüb, bir stəkan çayın içmək üçün, yolumu  qalereyadan saldım. Şəstlə içəri keçəndə həmişə oturduğum stulda yaşlı bir xanımın yerimdə oturduğunu gördüm. Qəpiklərini sayırdı. İlk baxışda imkansız adama bənzətdiyim, bəlkə də hansısa qaraçıya oxşatdığım birisini, başını yuxarı qaldıranda üzündəki nuru görəndə yanıldığıma sevindim...

Camalla söhbətə başladım. Həmsöhbətimin ilk sözü, - tanış ol, müəllim, nənə yerlindi, - oldu. Ağbirçəklə də  görüşdüm.  Qarşısında bir stəkan  yeni süzülmüş çay buxarlanırdı. Yerli kimi təqdim etdiyindən açığı bir az da ürəkli söhbətə başladım. O isə  artıq pulu sayıb qurtarmışdı.Üzünü mənə tutub sualıma cavab verdi:

-          Ey ay bala, Qarabağdanam, özüdə lap göbəyindən,

-          Demək Ağdamnansan

-          Hə, başına dönüm...

Söhbətə başladıq...

-          Ay bala, allah mərdimazara lənət eləsin. Gül kimi torpağımızdan didərgin düşdük. Mənim buralarda nə işim var idi..

Söhbətimizdən məlum oldu ki, yaşı  yetmişi keçən ağbirçək uzun müddət Ağdamda doğum evində çalışıb. Tanınmış bir ailənin gəlini olduğunu dedi .“Qırmızı dodaq”  Artomonovanın vaxtından, düz Şükufə xanımadək, onlarca baş həkimlə çalışıb. Beş altı il əvvəl təqaüdə çıxıb. Yüz əlli manat  pensiya aldığını da deməyi unutmadı...

-Biz Yağ zavodunun yanında olurduq, deyə ağbirçək sözünə davam elədi.

- Yadımdadı, küçənin baş tərəfində isə “Qaraçılar məhəlləsiydi”. Füzuli küçəsi Kommunistə, Axundova və  Səməd Vurğuna paralel idi. Üzərlik təpənin yanından sağa dönməmiş Füzuli başlayırdı...

-Evinizin yanından  axan  kəhriz  yadındadımı, nənə, - deyə sual verdim.

 - Hə ay bala. O qədər su daşımışam ordan. Çox böyük idi. Gur suyu göz yaşı kimi təmiz idi. Orda bilirsən nə balıqlar olurdu. Növbə növ.  Kəhrizin tağları da yadımdadı. Əliverdilər kəhrizi deyərdilər...

Ağbirçək xanımın gözündə bu məqamda elə bil tor gəldi. Xəyalları onu xöşbəxt günlərinə qaytarmışdı deyəsən. Bir anlıqda olsa Ağdama getmişdi...

Hiss etdim ki, bir azda danışsaq yerlimi hönkürtü götürəcək. Ona  görə  söhbətə elə buradaca yekun vurdum. Tutulmuşdu yaman. Amma özünü tox tuturdu...

Danışa- danışa köhnə nimdaş bağlamasından əlavə iki manatda Camala verib, dedi:

-          Altmışbeş manat verəcəksən eləmi, başına dönüm?

-          Hə ay nənə, düz deyirsən.- deyə Camal cavab verdi...

Camaldan pulu alanda – ay bala, başına dönüm, əlliliyi xirda ver varındısa, borcumu verməliyəm...

Hiss etdim ki, bu  vəziyyətinə şahidlik etdiyim üçün ağbirçək xanım özünə yer tapmır. Elə bir ayağını qaçaq qoymuşdu.  Tez xudahafizləşdi. Dayanacağa tərəf keçib, gözdən itdi...

Söhbətimizə şahidlik edən Camal da tutulmuşdu.

- Sənin bu yerlin çox qeyrətli arvaddır. Neçə vaxt idi gəlmirdi. Ayaqları tutulubmuş. Müalicədəymiş. Ayda bir dəfə yığdığı pulları gətirib məndə kağız pula dəyişir.

-Bəs bu nə pullardı, ay Camal.

-Sən düşündüyün kimi deyil, müəllim. Zəhmət haqqısıdı. Qalın parçadan “tutagac” tikib satır. Hələ birində indi mənə pay gətirib...

Bir anlıq tutuldum.

-İlahi, bu nə qürurdu bizə nəsib etmisən. Bu yaşda zəhmətiynən pul qazanıb, özün saxlayır. Heç kimə möhtac olmaq istəmir, deyə fikirləşdim...

Müəllim, indi bilirsən nə deyib mənə sənin bu yerlin. Çox pis oldum eyy ..

-          Bala özümə qəbr yeri axtarıram. İndidən deyirəm alım ki, balalarım kasıbdı, əziyyət çəkməsinlər.

Məndə söz verdim ki, kömək edərəm...

Bir tərəfdən yerlim haqqında belə xoş sözlər eşitdiyimə şeşələnsəmdə, digər tərəfdən mərdiməzara lənət oxuyurdum...

Axı, doğma Ağdamında qalsaydı, bu arvadın ağlına belə fikirlər heç gələrdimi. İnanmıram  ki, gəlsin. Nəvələrinin əlindən heç düşünməyə vaxtı da olmazdı...

Qalereyadan ayrılıram...

Ağbirçək xanımın bu  addımı isə yaddaşımdan çıxmır...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi