Modern.az

“Qarabağ fotolarda” - Üzeyir Hacıbəylini xatırladan üç ŞƏKİL

“Qarabağ fotolarda” - Üzeyir Hacıbəylini xatırladan üç ŞƏKİL

18 Sentyabr 2015, 11:02

Bu gün Şərqdə ilk operanın yaradıcısı, dahi bəstəkar və publisist Üzeyir Hacıbəylinin anadan olmasının 130-cu ildönümüdür. Modern.az saytı Qarabağ fotolarda rubrikasını bu dəfə dahi bəstəkara həsr edir.

Birinci şəkil Üzeyirin ən kiçik yaşlı fotosudur. 1885-ci ildə Ağcabədidə anadan olan Üzeyir Şuşada yetkinləşir. Atası Əbülhəsən Mirzə idi. Xan qızı Natəvanın həm qonşusu, həm də şəxsi mirzəsi olub. Elə xan qızının özü də kiçik yaşlarından Üzeyiri çox sevirdi. Ona özünün çəkdiyi rəsmləri bağışlayıb və Üzeyir bəy ömrünün sonuna qədər o rəsmləri xoş bir xatirə kimi qoruyub saxlayıb.


İkinci şəkil isə 1915-ci ildə Şuşada çəkilib. O zaman 30 yaşlı Üzeyir Qori Seminariyasında oxumaq üçün uşaq ikən tərk etdiyi Şuşaya qəhrəman kimi qayıdıb. Ailəsi ilə bərabər çəkilən bu foto nüfuzlu Hacıbəylilər ailəsinin tək-tük ortaq şəkillərindən biridir. Burada artıq Üzeyir Hacıbəyli şərqin ilk operası olan “Leyli və Məcnun”u yazmışdı. Min bir zülm hesabına oxuduğu Peterburq Konservatoriyasını bitirib vətənə qayıdıb. Ən nəhayət bu fotodakı Üzeyir həm də dünyaya səs salan “Arşın mal alan”ın müəllifi idi. Yəni 1915-ci ilə qədər artıq bu operetta yazılmışdı. Şəkildə diqqət çəkən şəxslərdən biri də Üzeyirin anası Şirinbəyim xanımdır. Şirinbəyim nüfuzlu Əliverdibəyovlar nəslindəndir. Üzeyir ömrünün sonuna qədər özünə ilk müəllim dayısı İsgəndər Əliverdibəyovu hesab edib.  

Üçüncü foto isə artıq Şərqdə tanınan və Azərbaycanın imicini müəyyən edən bir şəxsiyyətdir. Həyat yoldaşı Məleykə xanımla çəkilib. Foto Üzeyir ömrünün son xatirələrindəndir.  Məleykə Terequlova-Hacıbəylinin adı pedaqoq, maarifçi, musiqişünas kimi mədəniyyət tariximizə düşüb. Məleykə xanım məşhur Terequlovlar ailәsindәndir.

Terequlovlar ailәsi әslәn Volqaboyu tatarlarındandır. Ailə 1845-ci ildә Tiflisә köçüb. Tiflisdә ilk dәfә olaraq qızların vә oğlanların birgә oxuması üçün nәzәrdә tutulan rus-tatar mәktәbini də onlar açıb, xeyriyyәçiliklә dә mәşğul olublar. Üzeyir bəyin ağır konservatoriya çağlarında Məleykə xanım hər zaman ona dəstək olub. Elə bu fotodan da Məleykə xanım ömrünün son anlarına qədər Üzeyir bəyi yalnız buraxmayıb.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir