Modern.az

Dünya tarixinin ən dəhşətli sel fəlakətləri - FOTOLAR

Dünya tarixinin ən dəhşətli sel fəlakətləri - FOTOLAR

Təhsil

25 Sentyabr 2014, 18:14

Təbiətin insanlar üçün hazırladığı xoşagəlməz “sürprizlərdən” biri sel fəlakətidir. Quraqlığın antipodu sayılan sel fəlakətləri həddən artıq yağıntının yağması nəticəsində baş verən təbiət hadisəsidir. Azərbaycanda Kür, Rusiyada Volqa, Amur, Çində Yantszı, Xuanxe, ABŞ-da Missisipi, Ohayo, Avropada Dunay, Visla, Sena çayları tez-tez daşaraq, ətraf əraziləri suya qərq edir. Bu çayları həmin ölkələrin “baş bəlası” da adlandırmaq olar. Çünki çay daşqınları öz miqyasından asılı olaraq yüz minlərlə insanın ev-eşiyini itirməsinə, ölümünə və infrastrukturun dağılmasına səbəb olur.
Modern.az saytı müasir dövrün ən dəhşətli sel fəlakətlərini təqdim edir.

Çin



Vətəndaş müharibəsinin getdiyi Çin 1928-1930-cu illərdə dəhşətli quraqlıqla üzləşmişdi. Lakin 1930-cu ilin dekabrında ölkədə güclü boran, ardınca isə aramsız leysan yağışları başlayır. Nəticədə artıq 1931-ci ilin avqustunda dünyanın ən böyük çaylarından olan Yantszı və Xuanxe məcradan çıxır. Ətraf ərazilərdən yüksəkdə yerləşən Xuanxenin daşması xüsusilə dəhşətli fəsadlar doğurur. Çinin o zamankı paytaxtı Nankin sular altında qalır. Ümumilikdə, 300 min kvadrat kilometr ərazini əhatə edən daşqın 40 milyon insanın zərər çəkməsinə, əkin sahələrinin sular altında qalmasına və müxtəlif yoluxucu xəstəliklərin yayılmasına rəvac verir. Çin mənbələri dəhşətli daşqınlar zamanı 150 min insanın öldüyünü iddia etsə də, Qərb alimləri son illərin araşdırmalarına əsasən, Xuanxe və Yantszı çaylarının daşması və sonrakı fəsadlar nəticəsində 3 milyon insanın həlak olduğunu müəyyən edib. Çində 1931-ci ildə baş verən bu hadisə tarixdə ən böyük miqyaslı və ən çox insan tələfatına səbəb olan sel fəlakəti sayılır.

Cənubi Asiya



2007-ci ilin iyulunda Cənubi Asiyada bir çox iri çayların məcrasından çıxması ilə nəticələnən daşqınlar baş verib. Daşqınlara səbəb bu region üçün xas olan musson yağışlarının aramsız yağması ilə bağlı idi. İyul-avqust aylarını əhatə edən təbii fəlakət 2 min insanın ölümünə, 230 milyon insanın isə evsiz-eşiksiz qalmasına səbəb olub. Sel daşqınları ən çox Hindistan, Pakistan, Banqladeş və Nepalı əhatə edib. YUNİSEF hadisəni tarixin ən böyük humanitar böhranı adlandırıb.

ABŞ



1927-ci ilin aprelində ABŞ tarixinin ən böyük sel fəlakətlərindən biri baş verib. Məcrasından çıxan Missisipi çayı 10 ştatın, o cümlədən Arkanzasın 14 faizini su altında qoyub. Hər şey 1926-cı ilin yayında Missisipi çayı hövzəsində yağıntıların kəskin artması ilə başlamışdı. Bir gündə 380 mm yağıntıdan sonra çay 1927-ci ili aprelin 15-də hər iki sahilində yerləşən bəndləri dağıdaraq, 27 min kvadrat kilometr ərazini sular altında qoyub. 700 mindən artıq insanın evlərini itirdiyi humanitar faciə 246 nəfərin də həyatına son qoyub. Missisipi daşqınından sonra çay ətrafında yeni müasir bəndlər salınıb. Yalnız 1993-cü ildə yenidən daşan Missisipi 32 nəfərin ölümünə və milyardlarla dollar zərərə səbəb olur.

Braziliya


2011-ci ilin yanvarında sel daşqınları bu dəfə Braziliyanı öz cənginə alıb. Aramsız yağışlar və qeyri-münasib iqlim şəraiti Amazon çayının daşmasına yol açıb. Daşqın torpaq sürüşməsi ilə müşahidə olunub. Ölkənin ən böyük ikinci şəhəri Rio-de-Janeyro, Petropolis, Sumidoru kimi şəhərlər sular altında qalıb. Təbii fəlakət 900 insanın ölümünə, 150 mindən artıq braziliyalının isə evlərini itirməsi və dövlət büdcəsinə 2 milyard dollar zərər dəyməsi ilə nəticələnib.

Rusiya-Çin

2013-cü il iyul ayının sonlarında Rusiya və Çinin sərhədindəki Amur çayı daşaraq, hər iki ölkənin geniş ərazisinə yayılıb. İyul, avqust aylarında bölgəyə illik normadan artıq yağıntı yağması nəticəsində baş verən təbii fəlakət Rusiyanın Amur və Xabarovsk vilayətlərini, Çinin Lyaonin, Qirin və Xeylunsizyan bölgələrini əhatə edib. On minlərlə yaşayış məntəqəsi sular altında qalıb. Regionda son 120 ilin ən böyük təbii fəlakəti kimi dəyərləndirilən Amur daşqını 150-dən artıq insanın ölümünə, 200 mindən artıq insanın öz evlərindən didərgin düşməsinə səbəb olub. Vladimir Putin hadisəni Rusiyanın son 120 ildə üzləşdiyi ən böyük təbii fəlakət adlandırıb. Daşqınla bağlı situasiya yalnız 2013-cü ilin noyabrında nəzarətə götürülüb.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU