Qaraçuxurda yaşayan sakinlərə bələdiyyə tərəfindən bildirişlər paylanır. Bildirişdə vətəndaşlara qalıq borcun ödənilməsi tələb olunur, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilir.
Qaraçuxur bələdiyyə sədri Əvəz Mirzəyev Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:
“Paylanan bildirişlər əmlak vergisinin ödənilməsilə bağlıdır. Bu fiziki şəxslərin daşınmaz əmlakına görə bələdiyyə büdcəsinə ödəməli olduğu əmlak vergisidir. Həmin səbəbdən vətəndaşlara tədiyyə bildirişi paylanır. Bildirişlər qalıq borcu olanlara verilir, mənzili, mülkiyyəti özəl olan vətəndaşlara şamil edilir. İmtiyazı olanlara isə bu qayda tətbiq olunmur.
2015-ci il yanvar ayının 1-dən etibarən yeni qayda tətbiq olunacağından sakinlər qalan borcları ödəməlidirlər.
Vergi əvvəl otaq sayına görə idisə, yeni qaydaya görə, kvadratmetrə görə hesablanacaq. Vergi Məcəlləsində bildirilir ki, son 3 ilin qalıq borcları mütləq ödənilməlidir, məcburidir”.
Gülşən RAUFQIZI