Modern.az

Ayna Sultanova parkı əsaslı təmirə dayanıb, onun büstü götürüləcək? - FOTOLAR

Ayna Sultanova parkı əsaslı təmirə dayanıb, onun büstü götürüləcək? - FOTOLAR

Təhsil

26 Dekabr 2014, 12:01


Atatürk prospektində yerləşən Ayna Sultanova parkı əsaslı təmirə bağlanıb.

Binəqədi Rayon  İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, yeni layihəyə əsasən, parkın ərazisi ən müasir səviyyədə qurulacaq.

Yenidənqurma işləri “Elta Construction” şirkəti tərəfindən aparılır. İstifadəyə verildiyi müddətdən indiyə kimi heç-bir bərpa işləri aparılmayan park ən müasir standartlara uyğun olaraq yenidən qurulur. Parkda sakinlərin istirahəti üçün oturacaqların, uşaqlar üçün əyləncə qurğularının, yaşıllıq zolaqlarının salınması və gül kollarının əkilməsi, həmçinin müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulub. Bütün görülən işlər memarlığın yeni elementləri tətbiq edilməklə həyata keçirilir.
Eyni zamanda sakinlərin nəzərinə çatdırılır ki, parkın planlaşdırılan təmiri zamanı Ayna Sultanovanın heykəlinin götürülməsi nəzərdə tutulmayıb.
Ziya Bünyadov prospekti boyunca və Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində abadlıq-quruculuq işləri də həyata keçirilir.

Artıq parkın ətrafı hasarlanıb və əsaslı təmir işlərinə başlanılıb. Ərazidə parkın layihəsini əks etdirən şəkillər yerləşdirilib. Layihəyə əsasən, Ayna Sultanovanın heykəlinin ətrafı yüksək zövqlə yeni tərtibatda yenilənəcək.

Bu heykəl 1986-cı ildə ucaldılıb.

Xatırladaq ki, vaxtilə Azərbaycanda rəhbər vəzifələrdə çalışmış Ayna Sultanova Kommunist Partiyasının ideyalarını həyata keçirən siyasi və ictimai xadimlərindən biri olub.

O, Azərbaycanın sovet dövrü tarixinin tanınmış simalarından olan Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı olub. Ayna Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalıb və xalq düşməni kimi güllələnib.

"Bakı-2015" Avropa Oyunlarına hazırlıq çərçivəsində aparılan təmir işlərinin vaxtında və keyfiyyətlə görülməsi üçün Binəqədi Rayon İcra Hakimiyyəti parkın yenidən qurulması prosesini nəzarətdə saxlayır.

 





Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu