Modern.az

Şəms Təbrizi Günəşi necə apardı...

Şəms Təbrizi  Günəşi necə apardı...

Təhsil

27 Dekabr 2014, 13:41

(esse)

Diyar-diyar dolaşıb izdihamlar içində moizə oxuyan Təbrizli  Şəms bu dəfə də yolu o tərəflərdən saldı və danışdı:

- Mən Günəşi aparanda hamı mənə baxıb gülürdü. Hətta Onun özü də . Elə bilirdi ki, mən bunu bacarmaram. Sonra heç gözlərinə inanmadı. Necə ki, mən Günəşi aparıb mənzil başına çıxardım və o, tamamilə dönüb başqa bir insan oldu, həmin an heç nəyə inanmadı. Məni axtardı ki, təşəkkür etsin. Amma mən getmişdim. Əsa əlimdə , çarıq ayağımda ucsuz -bucaqsız çöllərə qədəm basmışdım. Gedirdim başqa Günəşləri axtarım tapım və onları da aparım düüüz, Allahın hüzuruna. Gəlin tanış olaq: Adım Şəmsdir. Təbriz civarında ən məşhur dəlilərdənəm. Hər halda hamı belə düşünür ki, mən dəliyəm. Cəmi bir nəfər bildi ki, mən dəli yox ağıllıyam. Onda ona dedim: Sən böyük adam olacaqsan. Amma çalış sənə də dəli desinlər. Çünki, kiməsə dəli deyirlərsə deməli, o, böyük adam olmağın ən pik nöqtəsindədi. Soruşsanız ki, işimin adı nədi- Deyərəm, Günəşi aparıb gətirmək. Deyilənə görə, nəinki Təbrizdə, hətta, Anadolu, Konya tərəflərdə də məndən yaxşı Günəş aparıb gətirən yoxdu. Əvvəllər elə bilirdilər ki, Şəms sözünün mənası məhz Günəş deməkmiş. Bu belə deyil həqiqətdə. Şəms Günəşin içində yaşayır və hər dəfə qürub çağı onu Allahın hüzuruna aparıb baş əydirir. Yəni, bir növ bugünki işinin hesabatını Allaha çatdırır. Həmin vaxt bütün ərşi-əla, cümlə kainat, lövhi-məhfuzun özü belə bu “ başəymə “ mərasimini izləyir. Günəş qürub edir. Göydə mələklər, yerdə çiçəklər “hu” deyər və mahiyyətindəki gözəlliyi, həmçinin o gözəlliyin səbəbkarını öyərlər. Sonra qaranlıqlar gələr. Günəşin ilk şəfəqlərinə qədər gəzişər, ora qaçar, bura yüyürərlər. İlk Günəş şəfəqi hamını salamlar. Şəms Günəşi gətirər. Sübhün təmizliyinə quşlar cəh-cəhləriylə, çiçəklər, ağaclar otlar xoş rayihələri və vücudları ilə “Hu” deyərlər. Yenidən Yer üzünə gözəlliklər axmağa başlayar. Günəşin şəfəqlərində saflığ yerə tökülər. Günəş yerə gözəllik və aliliyin yağışını yağdırar. İnsanlardan çoxu bu yağışa çətir tutur. Saflaşmaqdan qorxur insanlar. Günəşlənməkdən qorxur. Günəş hər zərrəsində məsumluğu insanın qəlbinə salar və sonda zərrə-zərrə Günəş olar insan. Zərrə- zərrə insanlaşar insan. Amma di gəl ki, Günəş olmaqdan qorxar insanlar. Qaranlıqlarına bürünüblər çünki onlar. Ondan o tərəfə dünyanın olmadığını zənn edərlər. Qaranlıq insanı öz əlinə alınca özündən başqa heç nəyi göstərməz. Fərqi yoxdur, həmin vaxt filə toxun, tülküyə toxun. Gördüyün bir şey olacaq –Qaranlıq. Yəqin ayılıb toxunduqlarının fil olduğunu görməkdən qorxur insanlar. Bəlkə Günəşlənmək elə buna görə qorxulu imiş. Həqiqəti əks etdirir deyə qorxulu imiş bəlkə...

 Bir qədim Şərq rəvayətində olduğu kimi, bir kişi gecə ikən tövlədə bağladığı danasını yoxlamağa gedər. Zülmət tövlədə dananın quyruğuna belinə, əl sürtər. Hətta bir az ona söykənib mürgülüyər də. Bu minvalla səhər açılanda görər ki, sən demə o bir dişi aslana söykənərək yatıb. Gecə ikən aslan gəlib dananı yemiş və elə oradaca yatıbmış. Kişinin də axşam sığalladığı və böyrünə qısılıb yatdığı elə o aslan olub. Deməli, qaranlıqlar insanlara bu “aslanı” gizlətməkdə kömək edir. Amma o aslandır, qəfildən yuxudan ayılıb kişini yeyə də bilərdi. Beləliklə bəni-adəm övladı öz qaranlığına daima qurban getmək təhlükəsi altında yaşayır. Sadəcə geci, ya tezi var. Əgər nə vaxtsa Günəş çıxmasa bütün naqisliklər yəni o “aslan” bir gün insanı “diri-diri yeyəcək”. Mənim də işim Günəş axtarmaq, tapmaq və onu arxamca sürüməkdir. Çapalayıram bundan ötrü. Amma nə edim axı, bu insanlar Günəşlənmək istəmir. Qaranlıqda vəhşi aslanın olduğuna baxmayaraq mənə də dəli deyib qovurlar. Bircə o mənə inandı. Mən də əvvəlcə onun Günəşini tapdım, sonra böyütdüm, genişləndirdim, daha sonra isə aparıb öz mənzilinə çıxardım. Onun özü buna inanmırdı. Lakin Günəşi mənzil başına gətirib çıxaranda dedi:- “ Onu hara apardın? Dedim-“ Qopub gəldiyi yerə.... Onda ağladı, nə deyəcəyini bilmədi , çünki mahiyyətinə qovuşmuşdu. Zərrə ikən Günəş, Günəş ikən Kəhkaşan, damla ikən dəniz olmuşdu. Artıq Ali Məramın ən pik nöqtəsində idi. Nə deyəcəyini bilmədi. Yəqin təşəkkür etmək istəyirdi. Amma artıq mən getmişdim. Əlimdə əsa, ayağımda çarıq çölləri gəzirdim, yeni Günəşləri axtarmaqdan ötrü....

Gizli kodları açıb Günəşi tap....

Şəms Təbrizi nitq söylədiyi izdihamdan uzaqlaşdı. Amma dinləyicilərdən çoxusu onu başa düşə bilməmişdi. Odur ki, narazılıqla başlarını yellədirdilər. Şəms danışdıqlarının gizli kodunu həvəslə ona dinləyən Jəmu-Dəmun ləqəbli gəncə verdi. O da gecikmədən çaşqın vəziyyətdə dayanan izdihamın arasında gəldi və hər şeyə aydınlıq gətirməyə çalışdı:

- Rəvayətə görə Günəşin daxilində Şəms adlı bir mələk yaşayır. Allah bunu Günəşə xəbər ötürən və onu öz hüzuruna gətirən bir köməkçi qismində görəvləndirib. Şəms hər dəfə qürub çağı Günəşi Allahın ərşinə gətirər və o günlük hesabatını verərək özü üçün ayrılmış yerdə qərar tutar. Amma bayaq burda olan bilgə Şəms Təbrizi insanın bətnindəki Günəşdən danışırdı. O deyəndə ki, mən Günəş axtarıram yəni, insani insan edən İlahi həqiqəti, sevgini nəzərdə tuturdu. O, Günəş (sevgi, həqiqət) insanı Ali məramına, lövhi məfhuzuna yaxınlaşdıran ən güclü və yeganə vasitə idi. Həqiqət insani Küllə qovuşdurar. Mahiyyətini, varlıq səbəbini ona təcəssüm etdirər. Məhz Şəms o həqiqətin içində gizlənir və onu Ali Mərama, yəni Allaha doğru aparır. Adına “Günəş aparan” dedi. Amma heç biriniz onu anlamadız. Çünki Günəşləriniz yoxdu. Qaranlıq bədbəxtlərisiz. “Aslan” yemlərisiz. Kainatın xüsusi şifrələri insanın inkişaf mərtəbələri ilə eynilikdə götürülür. Belə ki, insan nə edirsə onun şəkli dərhal kainatın yaddaşına hopur. Bu yaddaşın necəliyindən asılı olaraq onun inkişaf pillələri qurulur, yəni, “Günəşi” yandırılır. Şəms naməlum bir “O” haqında danışdı. “O” bir deyil, iki deyil. Yüzlərin, minlərin ümumiləşmiş “o”-sudur. Hamısı Günəşlərini aparan və onları Ali Varlığa çatdıran bu şəxsə borcludurlar.”

Dinləyən adamlar Jəm Dəmunun nitqindən sonra nəyisə anladılar. Dərhal bayaq laqeydliklə dinlədikləri, dəliyə bənzər Şəms adlı birisini axtarıb təşəkkür etməyə çalışdılar. Amma artıq gec idi. Şəms əldə əsa, ayaqda çarıq sonsuz çöllərdə gedirdi. Yeni Günəşlər tapıb onları aparmaq üçün....

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir