Aqil Camal: “Şah İsmayıl kimliyini daha əsaslı müdafiə edə biləcək alimlər verilişə dəvət oluna bilərdi”
“Dekabrın 29-da ANS telekanalında Həmid Herisçinin müəllifi olduğu "Şəxsiyyət vəsiqəsi" verilişində Şah İsmayıl Xətai müzakirəsi zamanı paritet pozulmuşdu”. “Türküstan” qəzetinin baş redaktoru, Ortaq Dəyərlər İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, verilişdə Şah İsmayıl əleydarları güclü, hücumçu tərəf təsiri bağışlyırdı:
“Şah İsmayılı tənqid edənlər onun ənənəvi "hazırlıqlı" əleyhdarları Güntay Gəncalp, Ramil Qafarov, müdafiəçiləri qismində isə ədəbiyyatçılar Sayman Aruz və Əsəd Cahangir, Tarix İnstitunun direktor müavini Tofiq Nəcəfli çıxış edirdilər. Hələ, yaxşı ki, Şah İsmayıla bəlli münasibəti olan millət vəkili Fazil Mustafa proqrama dəvətli olsa da, qatılmamışdı. Öncədən deyim ki, istər Azərbaycan, istərsə ümumtürk tarixində, ədəbiyyatında, mədəniyyətində heykəlləşmiş şəxsiyyətlərin çağdaş zamanın baxış bucağından detallı şəkildə təftiş edilməsinin tərəfdarı deyiləm. Hər bir şəxsiyyətin fəaliyyətinə onun yaşadığı tarixi dövrün şərtləri prizmasından yanaşılması fikrini dəstəkləyənlərdənəm.
Bununla belə, düşünürəm ki, yeknəsəqliyin hökm sürdüyü indiki bomboz mühitdə, belə efir fırtınaları ictimai fikrə dinamiklik gətirir. Fikirlər toqquşur, mövqelər müdafiə olunur. Bu baxımdan, müəyyən çərçivə daxilində belə müzakirələr əhəmiyyətlidir. Bir şərtlə ki, müzakirələrdə opponentlər uyğun olsun”.
A.Camalın fikrincə, Həmid Herisçi Şah İsmayıl kimliyini daha əsaslı - elmi, siyasi, tarixi baxımdan ciddi müdafiə edə biləcək tanınmış mütəxəssisləri, məsələn, Dilavər Əzimlini, Vüqar Zifəroglunu, Ceyhun Bayramlinı verilişinə dəvət edə bilərdi: “Hörmətli ədəbiyyatçılarımızın müdafiəsi təbii olaraq, daha çox emosional, bədii xarakterli idi. Belə bir müzakirədə Şah İsmayıl əleydarları hücumçu mövqedə göründülər”.
Mövzu ilə bağlı şəxsi mövqeyimə gəlincə, A.Camal bildirib ki, Şah İsmayıl kimliyi və irsi, çağdaş Azərbaycan dövləti və gələcək Böyük, Bütöv Azərbaycan üçün siyasi, ideoloji və psixoloji zəmin yaradan faktorlardan biridir: “Bu qaçılmaz bir gerçəklikdir. Ona görə də, əcdadımıza sayğı duyaq”.
Modern.az