Şuşa rayon Mədəniyyət və Turizm şöbəsi və Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbir keçirilib. Bayram tədbirində Şuşa rayonunun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və Xankəndinin ziyalıları iştirak ediblər.
Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirə toplaşanları və Dağlıq Qarabağın azərbaycanlı icmasını Dünya Azərbaycanlılarının qarşıdan gələn hər iki bayramı münasibətilə təbrik edib, onlara xoş gün, firavan həyat arzulayıb. Qeyd edib ki, Azərbaycan dövlətinin yürütdüyü haqlı və məqsədyönlü siyasəti nəticəsində doğma yurd-yuvalarından köçkün düşmüş insanlar çox yaxın zamanlarda öz doğma torpaqlarına qayıdacaq, Yeni ili sevinclə öz torpaqlarında qeyd edəcəklər.
Tədbirdə çıxış edən digər natiq, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, tədbirin keçirildiyi Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin rəhbərliyinə minnətdarlığını bildirib, şagirdlərə və müəllimlərə təhsildə uğurlar arzulayıb.
Daha sonra Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin şagirdləri bayram ovqatlı konsert proqramını təqdim ediblər.
Tədbirin sonunda Şuşa rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərə bayram hədiyyələri təqdim olunub.
İlham Cəmiloğlu