Modern.az

Deputat: "Şəhid ailələri qan pulunu ala bilmirlər"

Deputat: "Şəhid ailələri qan pulunu ala bilmirlər"

Təhsil

30 Dekabr 2014, 13:30

Milli Məclisin bu günkü plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qanun layihəsi barədə məlumat verib. O bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinin qəbul edilməsində əsas məqsəd uçot və qeydiyyatın təkmilləşdirilməsidir. Komitə sədrinin sözlərinə görə, bəzi texniki və redaktə xarekterli dəyişikliklər də qanun layihəsində öz əksini tapıb.

Deputat Fəzail Ağamalı da qanun layihəsi ilə bağlı bildirib ki, Ermənistanın tutduğu mövqe dəyişmir və beynəlxalq qüvvələr Ermənistanı müdafiə edir:
“Buna görə də biz ordu gücümüzü artırmağa maraqlı olmalıyıq. Müdafiə naziri Zakir Həsənovun atdığı addımlar onun kabinet naziri deyil, əsgərlər arasında olan hərbi nazir olduğunu göstərir. Hərbi quruculuqişləri ordumuzun daha operativ və çevikliyini artırmağa yönəlib”, - deyə deputat qeyd edib

Deputat Fazil Mustafanın sözlərinə görə hərbi rütbələrin verilməsinə görə müddətlər müəyyən olunsa da, hərbçilər həmin rütbələri ala bilmirlər. “Elə hərbçilər var ki, vaxtında hərbi rütbə ala bilmirlər. Buna maneə yaradan vəzifəli şəxslər məsuliyyətə cəlb olunmalıdır. Müəyyən olunan müddətdən sonra hərbçilər rütbə ala bilmirlərsə, bu vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə etməsidir”.

Fazil Mustafa onu da qeyd edib ki, şəhid ailələri qan pulunu ala bilmədiklərinə görə Milli Məclisi təqsirləndirirlər. “Biz parlament olaraq üzərimizə düşən vəzifəni yerinə yetirmişik. Parlament qanun qəbul edib, onun icrasını isə aidiyyatı orqanlar həyata keçirməlidir”.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov söyləyib ki, orduya savadlı adamlar da cəlb olunmalıdır. Siyavuş Novruzov bildirib ki, hərbi təhsil müəssəsilərinə savadlı adamlar lazımdır. “Hərbi müəssisə konservatoriya deyil ki, ora girmək üçün tələb olunan balı aşağı salırlar. Hərbçi savadlı olmalıdır ki, hesablamaları da düzgün aparsın. Ona görə də hesab edirəm ki, ali təhsilli şəxslərin, magistrlərin orduya cəlb olunması üçün yanaşma dəyişməlidir. Ya müqavilə ilə hərbi xidmətə getsinlər, ya da başqa yollar axtarılsın”.

Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov Fazil Mustafaya cavabında söyləyib ki, parlament rəhbərliyi Silahlı Qüvvələrin baş qərargah rəisi ilə hərbi rütbələrin verilməsi ilə bağlı yaranan problemləri müzakirə edib. “Problem rütbələrin verilməsinin icrası ilə bağlıdır”,-deyə Ziyafət Əsgərov bildirib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Aqşin KƏRİMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu