Modern.az

Qənirə Paşayeva magistrlərə hərbi xidmətdən möhlət istədi

Qənirə Paşayeva magistrlərə hərbi xidmətdən möhlət istədi

Təhsil

30 Dekabr 2014, 14:25

Bu gün parlamentdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununda dəyişikliklər edilməsi məsələsi xeyli müzakirələrə səbəb olub. Dəyişiklikləri dəstəkləyən millət vəkili Qənirə Paşayeva çıxışı zamanı ali məktəblərin bakalavr pilləsini bitirib, magistratura pilləsinə daxil olmaq istəyən  və magistr adını qazanan oğlan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi təklifini irəli sürüb.
“Magistrlərə  və magistraturaya daxil olmaq istəyən bakalavrlara  hərbi xidmətdən möhlət  hüququnun  verilməsi  vacibdir” deyən  Qənirə Paşayeva  bildirib ki,  bu yöndə ona da həm Azərbaycanda, həm də Azərbaycandan kənarda təhsil alan oğlan tələbələr və onların ailə üzvləri tərəfindən tez-tez müraciətlər olunur.

“Hara gedirəmsə onlar bu məsələ ilə bağlı müraciət edirlər və bildirirlər ki, magistratura  pilləsinə  daxil olmaq  və magistraturada oxumaq üçün hərbi xidmətdən möhlət hüququ  məsələsinin öz həllini tapması çox vacib və əhəmiyyətlidir. Həmin tələbələr xüsusilə,  mətbuatda müxtəlif şəxslərin bu mövzuda fərqli fikirlər səsləndirdiklərini və onlarda çaşqınlıq  yarandığını  qeyd  edirlər.  Deyirlər ki, biz artıq  bilmək istəyirik ki,  bu məsələ ilə bağlı  vəziyyət tam olaraq necə olacaq. Magistraturaya daxil olmaq istəyənlərə və magistrlərə möhlət hüququ  veriləcək, yoxsa yox.  O gənclər hərbi xidmərdən yayınmırlar və yayına da bilməzlər. Sadəcə təhsillərini ara vermədən davam etdirib, magistraturanı bitirdikdən sonra hərbi xidmətə yollanmaq və vətən qarşısında borclarını yerinə yetirmək istəyirlər. Təhsildə  fasilə yaranmasının sonra  onun keyfiyyətinə və bəzi hallarda gənclərin sonradan onu davam  etdirmə həvəsinə mənfi təsir göstərməsini nəzərə alaraq hesab edirəm ki, bu addım gənclərin yüksək təhsil pilləsinə daha çox meyllənməsinə öz müsbət töhfəsini verər.  Bunun özü,  yəni, həmin oğlan tələbələrə magistratura pilləsində təhsillərini davam etdirmələri və Azərbaycan elminə töhfə vermələri üçün çox məqsədəuyğun bir addım olardı. Ümid edirəm ki, bu məsələ tezliklə öz müsbət həllini tapacaq",

Qənirə Paşayeva Müdafiə Nazirliyi sistemində aparılan islahatları müsbət qiymətləndirib və bildirib ki, özəlliklə sərhədyanı bölgələrdə insanların müqavilə əsasında hərbi hissələrdə işə qəbul olunması müsbət haldır:
“Çünki bu insanlar bölgəni yaxşı tanıyır və lazımi parametrlərə cavab verirlər. Əlavə müqavilə ilə hərbi hissəyə işçilərin götürülməsi ayrı bir məsələnin də müsbət həllinə yardımçı olardı. Bu da magistratura təhsilini almaq üçün möhlət hüququnun verilməsi ilə bağlıdır. Əlbəttə, hər kəs hərbi xidmətini çəkməlidir, heç kimə güzəştə getmək olmaz.  Həmin gənclərdər də magistraturanı bitirən kimi hərbi xidmətə aparılmalıdır. Burada söhbət sadəcə onlara magisturanı bitirənə qədər möhlət hüququnun tanınmasından gedir ki, gənc oğlanlarımız arasında təhsilə, elmə maraq da zəifləməsin".


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu