Modern.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin idarə heyətinin sədri, iqtisadçı Vüqar Bayramov məlumat verib.
O qeyd edib ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, Azərbaycana xaricdən gətirilən avtomobillərə ödənilən aksiz vergisinin məbləğləri artırılır:
“Mühərrikinin həcmindən asılı olaraq bütün növ avtomobillərin ölkəyə idxalına tətbiq edilən vergilər dəyişdirilir. Yeni dəyişikliklərə əsasən, mühərrikinin həcmi 2 000 kubsantimetrə qədər olan avtomobillərdə mühərrikin hər kubuna görə aksiz vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2000-300 kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3000-4000 kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4000-5000 kubsantimetr avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 4 manatdan 10 manata qaldırılıb. Son dəyişikliklərə diqqət yetirəndə bəlli olur, mühərrikinin həcmi daha bahalı olan avtomobillərdə daha yüksək qiymət artımları müşahidə ediləcək. Məsələn, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə qiymət artımları hətta 10 min manatdan da yüksək olacaq”.
İqtisadçının sözlərinə görə, xüsusən də yeni istehsal olunan, işlənməmiş avtomobillərdə daha ciddi qiymət artımlarının olacağı gözlənilir: “Mühərrikin həcmi 4000-5000 kubsantimetr olan avtomobillərdə isə qiymət artımları 6600 manatadək yüksələcək. Bu növ avtomobillərdə orta hesabla 5000 manat qiymət artımı olacaq. Mühərrikin həcmi 2 000 kubsantimetrə qədər olan avtomobillərdə isə cüzi xərc artımları gözlənilir. Bu avtomobillərin ölkəyə idxal xərci 100 manatdan çox artmayacaq. Əgər bu avtomobillərdə qiymət artımı müşahidə ediləcəksə o zaman o süni qiymət artımı olacaq”.
Gülşən RAUFQIZI