Modern.az

QMİ Fransadakı qətliamla bağlı BƏYANAT verdi: “Terror İslamın istəyi deyil”

QMİ Fransadakı qətliamla bağlı BƏYANAT verdi: “Terror İslamın istəyi deyil”

8 Yanvar 2015, 14:06


“Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, biz, müsəlmanlar insan qətlini, zor, təcavüz və terroru hər zaman pisləyirik. Bu baxımdan, Fransada baş verən son terror hadisəsini ciddi qınayırıq. İnsan həyatı Uca Allahın yaratdığı müqəddəs dəyərdir və ona edilən təcavüz böyük günahdır. Bu günahı törədənlər həm Allah dərgahında, həm də bəşəri qanunlar qarşısında cavab verəcəklər”.

Modern.az-ın məlumatına görə, belə bir bəyanatla Qafqaz Müsəlmanları İdarəsi (QMİ) çıxış edib. QMİ-nin bəyanatında daha sonra deyilir:

“Hər hansı təcavüz və ya qətlin din adından, guya dinin maraqlarının qorunması pərdəsi altında törədilməsi, din adından sui-istifadə edilməsi yolverilməz haldır. Heç bir səmavi din, o cümlədən, İslam buna haqq qazandırmır. Terror İslamın istəyi deyldir.

 Dini mərkəz olaraq, hər zaman öz birmənalı mövqeyimizi bütün məqamlarda və xitabət kürsülərindən bildirmişik və bir daha təkrar edirik ki, din, onun dəyərləri, müqəddəs şəxsiyyətləri, rəmzləri, simvollarına ehtiram nümayiş etdirilməlidir. Bəşər ailəsinin bütün üzvləri buna əməl etməli, müxtəlif dini mənsubiyyət daşıyıcıları üçün həssasiyyət kəsb edən məqamlara diqqətlə yanaşmalıdırlar. Heç kimə insanların dini hisslərini təhqir etmək haqqı verilməmişdir. Biz bütün insanları multikultural dünyamızda dinc birgəyaşayış, tolerant həyat tərzi, sülh, sabitlik və istiqrar üçün mühüm, həlledici amillərdən olan bu məqamı nəzərə almağa çağırırıq. Biz dünya dinlərinin liderlərini bu yöndə səylərini birləşdirməyə səsləyirik”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu