Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi İtaliya ilə yayım sazişi bağlayıb.
Modern.az xəbər verir ki, bu gün Bakı 2015 İlk Avropa Oyunlarının İtaliyada yayımlanmasını təmin edəcək yayım sazişinə imza atıb.
Aparıcı yayım şirkəti olan “Sky İtalia” öz idman kanalları vasitəsilə oyunların canlı yayımını və yarışlardan əsas məqamların yayımlanmasını, eyni zamanda, “Sky Go” vasitəsilə oyunların geniş şəkildə işıqlandırılmasını təmin edəcək.
“Sky İtalia” TV stansiyası ölkədə müstəsna hüquqlarını təmin edib və İlk Avropa Oyunları ilə bağlı məlumatlılığı artırmaq və həyəcanı bölüşmək məqsədilə məşhur “Sky Sport 24” xəbər kanalı vasitəsilə oyunların təbliğatını həyata keçirəcək.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “İlk Avropa Oyunlarının İtaliyada geniş şəkildə işıqlandırılmasını təmin etməyə dair sazişin “Sky İtalia” şirkəti ilə bağlanmasından olduqca məmnunuq. Qitənin idman sahəsində ən çox uğur qazanan ölkələrindən biri olan İtaliyanın Bakı 2015 Avropa Oyunlarına qızıl medallar və qələbə uğrunda mübarizə aparmaq üçün çox güclü komanda göndərəcəyini gözləyirik”.
Əsası 2003-cü ildə qoyulan, ölkədə 4,7 milyon abunəçisi və 13 milyondan artıq tamaşaçısı olan “Sky İtalia” Avropanın ən nüfuzlu idman yayımı şirkətlərindən biri hesab edilir.
“Sky İtalia” şirkətinin idman hüquqları, proqramlaşdırma və prodakşn üzrə direktoru Matteo Mammi deyib: “Birinci Avropa Oyunları bütün qitənin zövq alacağı möhtəşəm idman bayramı olacaq və biz ölkəmizdə Oyunların yayımını həyata keçirəcəyimiz üçün fəxr edirik”.
İtaliyanın Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo əlavə edib: “İdman azarkeşlərinin İlk Avropa Oyunlarını İtaliyanın aparıcı teleyayım şirkəti, eyni zamanda, şirkətin onlayn və mobil platformaları vasitəsilə izləyə biləcəklərinə çox şadıq”.
Gülşən RAUFQIZI