Modern.az

“Bir mətbuat konfransının tarixi” - “Heydər Əliyev iki imkandan birindən məhrum edildi”

“Bir mətbuat konfransının tarixi” - “Heydər Əliyev iki imkandan birindən məhrum edildi”

8 Yanvar 2015, 17:36


20 yanvar hadisələrindən bəhs edən “Bir mətbuat konfransının tarixi” adlı sənədli film hazırlanır. Filmin  müəllifi həmin hadisələrin iştirakçısı telejurnalist  Mübariz Əsgərovdur.

Mübariz Əsgərov Modern.az  saytına hazırda son tamamlama işləri gedən  sənədli film haqda danışıb.

Onun sözlərinə görə, filmin Moskvadakı və Bakıdakı çəkilişləri sona yetib. Filmin hansı telekanalda efirə gedəcəyi isə o tam hazır olandan sonra dəqiqləşəcək.

Telejurnalist filmdə müstəqil Azərbaycan tarixinin ən mühüm səhifələrindən olan  1990-cı ilin yanvar ayında  Moskvada  keçirilmiş bir mətbuat konfransından ətraflı söhbət açıldığını qeyd edib.

“1990-cı  ildə yanvar ayında Bakıya qoşun yeridiləndə, həmin anların dəhşətini Moskvada yaşayan və təhsil alan azərbaycanlılar da yaşadı. Onlar dərhal  Azərbaycanın Moskvada yerləşən Daimi Nümayəndəliyinə gəldilər. Bura həmin vaxt azərbaycanlıların üz tutacağı yeganə yer idi... Hər şey tələsik idi. Hər kəs qəzəbini, həyəcanını ifadə etməyə tələsirdi. Kimlərsə şüar yazıb, bu şüardakı sözlərdə təskinlik tapmağa tələsirdi, kimlərsə də bu şüarları başı üstünə qaldırıb dəhşətli olaydan hamını dərhal xəbərdar etməyə çalışırdı”.

M.Əsgərov şahidi olduğu hadisələri danışır:

“Bircə  bayraq tikən azərbaycanlı ana tələsmirdi. Çünki onun bayrağa vurduğu hər ilmədə həm yeni tarix yazılırdı, həm də köhnə tariximiz çözələnirdi. Bu Azərbaycanın həm köhnə, həm də yeni bayrağı idi. Bu bayrağın rəngləri kimi bura yığışanlar da müxtəlif adamlar idi. Baxışlarda, mövqelərdə və rənglərdə olan bu müxtəlifliyi Azərbaycanın adı bir yerə yığmışdı. Hamı bu adın taleyindən çox narahat idi...

O vaxt onun öz xalqına başsağlığı vermək üçün iki imkanı vardı. Azərbaycana gəlməyinə icazə verilmədiyindən o öz xalqına başsağlığı teleqramı göndərdi. Həmin vaxt  Azərbaycan xalqına ünvanlanmış teleqram öz ünvanına çatmadı. Çünki  respublikanın o vaxtkı  rəhbərliyi ona qarşı qadağalar  qoymuşdu. Amma o  ikinci  imkanından  istifadə etdi.  1990-cı il yanvarın 21-də  Azərbaycan Respublikasının Moskvadakı Daimi Nümayəndəliyinə gəlib bu hadisələrin təşkilatçılarına öz kəskin etirazını bildirdi və öz xalqına dərin hüznlə başsağlığı verdi. Onun bu sərt mövqeyi dünyanın ən böyük  informasiya vasitələrinin manşetinə çevrildi. Çünki Kremli sərt tənqid edən adi adam  deyildi. Bu çıxışdan dərhal sonra onun ailəsi təqib olundu. Onu  bu cəsarətli addımı atmağa nə məcbur etmişdi?

O vaxt Kremldən çıxıb Azərbaycanın Daimi Nümayəndəliyinə  bir təqaüdçü gəlmişdi. Həmin adam sonradan  müstəqil Azərbaycan dövlətinin yenidən qurulmasının, inkişaf etməsinin və bölgədə söz sahibi olmasının memarı sayılan Heydər Əliyev idi”.

Mübariz Əsgərov bildirir ki, məhz bu mətbuat konfransından sonra Moskvadan hüquq müdafiəçiləri, ziyalılar Bakıya gəlib hər şeyi öz gözləri ilə görmək istədilər:

“Öz gözləri ilə görənlər də oldu,özgə gözləri ilə  baxanlar da.Həmin adamlar - Rusiyanın ictimai-siyasi xadimləri Bakı səfərinin təəsüratlarını 25 ildən sonra yenidən xatırlayacaqlar. Bu konfransdan dərhal sonra burda iştirak edənlərin çoxuna qarşı təzyiqlər olundu. Daimi Nümayəndəlik tam nəzarətə götürüldü. Gəlib-gedənləri qorxutmaq məqsədilə bu binaya Rusiyanın güc strukturları tərəfindən bir neçə dəfə hücum edildi”.

Filmin müəllifi vurğulayıb ki, həmin mətbuat konfransının iştirakçılari 25 ildən sonra  o həyəcanlı anları yenidən yaşayacaqlar.
















Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu