Azərbaycanda yanvarın 8-dən bu gün səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. Modern.az saytı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, yanvarın 8-i gündüzdən 9-u səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Güclü şimal-qərb küləyi əsib.
Modern.az ən çox qar yağan Azərbaycanın rayonlarındakı son vəziyyətlə bağlı məlumat öyrənib.Quba rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda rayonda qar olmasına baxmayaraq vəziyyət normaldır. Bildirilib ki, Xınalıq yolu artıq qardan təmizlənib. Rayonda və rayon ətrafında işıq, qaz və su problemləri yaşanmayıb. Sərnişin nəqliyyatı ilə də bağlı vəziyyət sabitdir.
Qusar rayon İcra hakimiyyətindən verilən məlumata görə, hazırda rayonda qar yağsa da, ciddi problem yoxdur: “Hər şey qaydasındadır. Əhalinin kommunal ehtiyacları da vaxtı-vaxtında ödənilir”.
Yardımlı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda rayonda çox az qar var və rayon əhalisi üçün problem yaratmır. Kəndlərdə də vəziyyətin normal olduğunu deyən icra hakimiyyətinin sözçüsü vəziyyətin normal olduğunu bildirib.
Göygöl rayon İcra Hakimiyyətindən bildiriblər ki, dünən qar yağmasına baxmayaraq, artıq qar əriyib. Hazırda hər şey qaydasındadır.
Xaçmaz rayonunda da vəziyyət sabitdir. Soyuq və qarlı hava insanlar üçün çətinlik yaratmayıb. Bu barədə rayon İcra hakimiyyətindən məlumat veriblər.
Məltəm TALIBZADƏ