Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini ziyarət edib.
Modern.az xəbər verir ki, komitənin sədri Mübariz Qurbanlı ilə görüşdə nümayəndə heyətinin rəhbəri, BAMF-in sədri Umud Mirzəyev Azərbaycanda tolerantlığın ən yüksək formada mövcudluğundan söz açaraq bildirib ki, Azərbaycan multikultural dövlət olduğu üçün müxtəlif mədəniyyətlər vahid ideya ətrafında birləşiblər.
Bu sahədə komitənin uğurlu fəaliyyətinə toxunan cənab Mirzəyev komitənin vətəndaş cəmiyyəti təmsilçiləri ilə əməkdaşlığının gələcək prespektivlərindən də söz açıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini sədri Mübariz Qurbanlı isə öz növbəsində bildirib ki, 2014-cü il Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, xarici ölkələrlə əlaqələrinin genişləndirilməsi, dövlətimizin hərbi qüdrətinin artması baxımından ən uğurlu il olub. Bu ildə dövlət və din münasibətlərində də əsas məsələlər öz həllini tapıb. Ölkədə radikal qrupların öz fikirlərini və ideyalarını yaymaq cəhdləri iflasa uğrayıb. Mübariz Qurbanlı həmçinin əlavə edib ki, Komitə 2015-ci il üçün böyük bir plan tərtib edib.
Bu plan əsasən dövlət-din, dövlət-din-cəmiyyət və cəmiyyətdə fərdlərarası münasibətləri və dini məsələləri, dini icmalar və onların fəaliyyətini, Azərbaycanda dini maarifləndirmə və digər sahələri əhatə edir.
Komitə bütün qurumlarla, o cümlədən vətəndaş cəmiyyəti təmsilçiləri ilə Azərbaycanda milli-mənəvi dəyərlərin təbliğatı və təşviqatı üçün birgə tədbirlərin keçirilməsində maraqlıdır. Çünki bu tədbirlərin əsas məqsədi, milli adət və ənənələrin qorunmasını təmin etmək və inkişaf etdirməkdən ibarətdir. Sonda BAMF adından komitə sədrinə dəyərli hədiyyələr təqdim olunub.
Modern.az