“Bu gün Yadigarın növbəti məhkəməsi olub. Oğlum nə edib ki, ona bu qədər zülm verirlər?” Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqlının anası Gövhər Sadıqova deyib.
Gövhər Sadıqova bu gün keçirilən məhkəməyə ümidlərinin çox olduğunu deyib: “Düzü, gözləyirdim ki, Yadigarın həbs müddətindən ən azı bir il çıxarlar. Cəmi 6 ay azaldıblar. Heç olmasa, cəzasını bir il azaldardılar. Ən böyük çətinliyimiz Yadigarın burda olmamasıdır. Yanımızda olsa, hər şey daha yaxşı olar. Mən təqaüd alıram, Yadigarın yoldaşı işləyir. Şükür, pis dolanmırıq. Yadigarın atası yaşlı adamdır, mən də xəstəyəm. Əməliyyat olunmuşam. Bircə arzumuz Yadigarın tezliklə həbsdən azad olunmasını görməkdir. Yadigara 10 gündən bir gedib baş çəkənlərə “sağ olun” , - deyirəm”.
“Yadigarın əfv olunacağını gözləyirsinizmi” sualına Gövhər Sadıqova belə cavab verib:
“Əfv olunması üçün Yadigar özü ərizə yazmalıdır. Amma Yadigar ərizə yazmır. Axı, o nə edib ki, əfv olunması üçün ərizə yazsın?! Niyə deməlidir ki, “məni bağışlayın!”. Bunun üçün əsas olmalıdır. Yadigarın yoldaşı, uşaqları, biz də tez-tez gedib onunla görüşürük. Yadigarın 2 qızı ailəlidir, oğlu isə məktəblidir, 8-ci sinifdə oxuyur. O yaşda olan uşağın ata qayğısına ehtiyacı var. Tezliklə Yadigarın azadlığa çıxmasını gözləyirik”.
Namidə BİNGÖL