İqtisadi diversifikasiya və qeyri-neft sektorunun şaxələnməsi aspektindən bu il aqraq sektorun inkişafına daha çox diqqət ayrılması müsbət haldır. Ümumi daxili məhsulda payı 6 faizdən az olan sözügedən sektorda hazırda əmək qabiliyyətli əhalinin 38 faizinin çalışdığını nəzərə alsaq, təbii ki, bu sahə yalnız qeyri-neft ixrac qabiliyyətinin artırılması deyil, eyni zamanda məşğulluğun təmin edilməsi baxımdan da əhəmiyyətlidir.
Modern.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov açıqlama verib.
O, kənd təsərrüfatı ilində hansı yeniliklərin həyata keçirilməsinə ehtiyac olduğunu nəzərə çatdırıb, subsidiyaların müəyyənləşdirilməsi və verilməsi prosesində şəffaflığın gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb: “Əvvəla, subsidiyaların verilməsi şərtlərində dəyişiklik edilməsinə ehtiyac var. Subsidiyaların verilməsi üçün tətbiq edilən bu meyar da kifayət qədər sadədir. Subsidiya məbləğlərinə yenidən baxılmaqla yanaşı, aqrar sektora yönəldilən subsidiyaların verilməsi meyarlarının dəyişdirilməsinə ehtiyac var. İndiki halda strateji məhsullar kimi yalnız taxıl və buğda yetişdirilməsindən ibarət olmamalıdır.
Eyni zamanda, strateji məhsullara pambıq, ölkənin ərzaq təhlükəsizliyi ilə birbaşa bağlı olan digər məhsulların da aid edilməsinə ehtiyac var. O baxımdan strateji məhsulların strukturunun dəyişdirilməsi olduqca vacibdir. Strateji məhsullara daxil edilən ərzaq növlərinin sayının artırılmasına ehtiyac var.
İkincisi, Azərbaycanda tətbiq edilən meyar sadə olması ilə yanaşı, fermerlərin daha çox məhsul istehsalını stimullaşdırmır. Praktiki olaraq burada əkin sahəsindəki hər hektara görə ödənişlər olur. Fermerin hansı həcmdə məhsul istehsal etməsindən, hətta ərazidə yonca əkməsindən asılı olmayaraq, bütün hallarda həmin subsidiyanı alır. Amma belə olmamalıdır. Bu üsul daha çox zəhmət tələb edən və ya daha çox məhsul verən ərzaq məhsullarının yetişdirilməsində əlavə subsidiyaların alınmasına imkan yaratmır. O baxımdan subsidiyaların verilməsi mexanizminin dəyişdirilməsi və subsidiyaların əkin sahələri üzrə hektarlara bölünməməsi lazımdır. Subsidiyaların məbləği istehsal olunan məhsulun həcminə uyğunlaşdırılır. Daha çox məhsul istehsal edən fermer dövlətdən daha çox subsidiya alır. Az istehsal edən fermer isə az subsidiya almalıdır. Faktiki olaraq subsidiyaların məbləği dəyişən olmaqla fermerlərin daha çox məhsul istehsal etməsini stimullaşdırmalıdır. Bu da təbii ki, subsidiyanın tətbiqi ilə bağlı meyarın dəyişdirilməsi və subsidiyanın hektarlar üzrə deyil, istehsal olunan məhsulun həcminə uyğun olaraq müəyyənləşdirilməsidir. Ümumilikdə, subsidiyalar fermerləri daha çox məhsul istehsal etməyə təşviq etməlidir;
Mövcud mexanizmlər bəzi hallarda vəsaitin fermerə çatmasına imkan vermir. Bu baxımdan, subsidiyaların müəyyənləşdirilməsi işinə və prosesin monitorinq edilməsinə vətəndaş cəmiyyəti qurumlarının cəlb edilməsi olduqca vacibdir;
Üçüncüsü, korporativlərin, klasterlərin yaradılması prosesi sürətlənməlidir. Korporativlərin yaradılması fermerlərin rəqabət imkanlarının genişlənməsinə səbəb ola bilər. Klasterlər isə bu gün bütün inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrdə də tətbiq edilən metodlardan biridir. Klasterlər yalnız fermerlər deyil, eyni zamanda müxtəlif universitetlərdə də olur. Onlar birgə müəyyənləşdirirlər ki, gələn il hansı məhsul istehsal edilməlidir. Korporativlər fermerlərinin xərclərinin azaldılmasına gətirib çıxara bilər;
Dördüncüsü, məhsul istehsalının planlaşdırılması və proqnozlaşdırılması üçün təhlil və məsləhət xidmətinin həyata keçirilməsi vacibdir. Fermerlərə hansı məhsula daha çox tələb olduğu və bazarlar üzrə bölüşdürülməsi necə həyata keçirilməsi barədə mütəmadi məlumatlar verilməlidir. Əgər aqrar sektor əvvəlki kimi, fərdi şəkildə istehsalatla məşğul olacaqsa, onun payı çoxalmayacaq. Burada mənfi tendensiyalardan biri də odur ki, fermerlər məhsul istehsalını planlaşdıra bilmirlər. Bu il soğanın qiyməti yüksək olursa, gələn il soğan istehsal edirlər. Bolluq da ona gətirir ki, onların istehsal etdiyi soğan çürüyür. Yaxud, hansı məhsulun qiyməti aşağıdırsa, gələn il onu istehsal etmirlər. Ona görə də fermerlər gələn illər üzrə tələbata uyğun planlaşdırma aparmalıdırlar;
Beşincisi, fermerlərə ixrac subsidiyası verilməlidir. Dövlət ixrac qabiliyyətli sektorların dəstəklənməsi siyasətini həyata keçirməklə ölkə xarici ticarət göstəricilərini yaxşılaşdırır, ixracdan daha çox gəlir əldə edir. Bu zaman daha çox məhsul ixrac edən fermer təsərrüfatları dövlətdən subsidiya alaraq maliyyə imkanlarını genişləndirə bilirlər;
Altıncısı, aqroparkların yaradılması prosesi sürətlənməlidir. Qeyd edək ki, aqroparklar aqrar və emaledici biznes və təhsil müəssisələrinin birgə klaster formasında fəaliyyətini nəzərdə tutur. Aqroparklar üçün də ən əlverişli bölgələr Gəncə və Gəncə ətrafı bölgələr, Lənkəran, Xızı və Xaçmaz rayonları hesab edilir. Lakin ölkənin digər bölgələrində də aqroparkların yaradılması üçün əlverişli şərait var. Kadr çatışmazlığı ilə yanaşı sərmayələr məsələsinin də həll edilməsinə ehtiyac var. Eyni zamanda, müvafiq icra qurumları hansı bölgələrdə qarışıq, hansı rayonlarda ixtisaslaşmış aqroparkların yaradılmasına ehtiyac var.
Yeddincisi, “elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılmasının sürətləndirilməsi vacibdir. Bu sistemdə aqrar sektor üzrə məlumatların əks etdirilməsi ilə yanaşı eyni zamanda subsidiyaların verilməsi mexanizmlərinin və proseduraların əks etdirilməsinə ehtiyac var. Maliyyə Nazirliyinin apardığı yoxlamaların da subsidiyaların verilməsində nöqsanların olduğunu aşkar etdiyini nəzərə aldıqda fərmanın tələblərinə uyğun olaraq bu prosesdə şəffaflığın artırılmasının ciddi əhəmiyyəti var.
Səkkizincisi, xarici investorlar ilə birlikdə ölkəmizdə kənd təsərrüfatı texnika və avadanlıqlarının istehsalının həyata keçirilməsinə ehtiyac var. Əslində, bu sahədə yerli istehsalın formalaşdırılması olduqca vacibdir. Çünki bu, sözügedən istiqamətdə idxaldan asılılığı aradan qaldırmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına nail olmağa imkan verər. Bu məqsəd üçün ən uyğun bölgə Gəncə şəhəri hesab edilir.
Doqquzuncu, aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasını təmin edilməsi üçün aqraryönümlü orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkili vacibdir. Bu sahədə peşə yönümlü təhsil müəssisələrinin yaradılması olduqca vacibdir. Keçmiş ittifaq dövründə belə məktəblər fəaliyyət göstərsə də təəssüf ki, müstəqillik illərində onların işi dayandırıldı. Bu baxımdan, qısa müddətlə peşə ixtisaslarının təşkil edilməsinə ehtiyac var. Belə peşə məktəbləri Lənkəran, Şəki, Gəncə kimi bu sahədə ənənəsi olan şəhərlərdə formalaşdırıla bilər”.
Gülşən RAUFQIZI