Növbəti parlament seçkilərinə bir ildən az vaxt qalır.
Maraqlıdır, ötən illər ərzində Milli Məclisin komitələri necə işləyib? Hansı qanun layihələrinin qəbul edilməsi daha yaddaqalan olub? Yaxud, yarımçıq qalan qanun layihələrini qısa müddət ərzində qəbul etmək mümkün olacaqmı? Modern.az saytı bu suallara cavab almaq üçün əvvəlcə Mədəniyyət komitəsinin sədri Nizami Cəfərova müraciət edib.Deputatın sözlərinə görə, ötən müddəti Mədəniyyət komitəsi üçün uğurlu hesab etmək olar: “Ötən 4 ildə Mədəniyyət komitəsində görülən işlər məni qane elədi. Adam bəzən fikirləşir ki, bundan daha artıq iş görmək olardı. Mənə elə gəlir ki, prinsipcə, normal işlədik.
Azərbaycanda çox sürətli mədəniyyət quruculuğu prosesləri gedir. Həm ölkə daxilində, həm Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində, həm də dünya mədəniyyətinin Azərbaycanda təbliği işində bunları demək olar. Bunların hamısını mədəniyyət sahəsində qanunvericilikdə tətbiq etmək çox çətindir. Həyat, proseslər qanunvericiliyi qabaqlayır. Bu çox yaxşı şeydir. Mədəniyyət prosesinin canlanması yaxşı haldır. Məqsədimiz odur ki, mədəniyyətimiz inkişaf etsin. Qanunvericilik bir az geri qalırsa, bunun özü problemdir.
Təbii ki, 4 il ərzində bütün hallarda yarımçıq qalan qanun layihələri oldu. Müəyyən layihələr hazırlayırıq. Bəzən qanun layihəsinin birinci oxunuşda qalması, plenar iclasa çıxarılmaması bir qayda olaraq maliyyə məsələləri ilə bağlı olur. Məsələn, “Yaradıcı təşkilatlar və yaradıcı şəxslər haqqında qanun” layihəmiz birinci oxunuşdan keçib. Amma burda mübahisəli məqamlar var. Yaradıcı təşkilatların və yaradıcı şəxslərin dövlət tərəfindən maliyyələşdirilib-maliyyələşdirilməməsi məsələsi öz həllini tapmalıdır. Bu məsələ bütün dünyada mübahisəlidir. Bizdə də həmin problemi qəti şəkildə həll etmək mümkün deyil. Ona görə də mübahisələr davam edir”.
Yadda qalan qanun layihəsinə gəlincə, komitə sədri deyib ki, bu “Mədəniyyət haqqında” qanun layihəsidir: “Mədəniyyət haqqında” qanun 10 il bundan qabaq, indi qüvvədə olan qanundan da qabaq hazırlanmışdı. Tələblərə cavab vermirdi. O biz yenidən işlədik və qəbul edildi”. “Yarımçıq qalan qanun layihələrinin qısa müddət ərzində qəbul edilməsi mümkün olacaqmı” sualına Nizami Cəfərov belə cavab verib: “Yaradıcı şəxslər və yaradıcı təşkilatlar haqqında” qanun layihəsi üzərində iş gedəcək. “Kulinariya mədəniyyəti haqqında” qanun layihəsi hazırlanıb. Çalışacağıq ki, plenar iclasın müzakirəsinə çıxarılsın. “Muğam sənətinin qorunması və inkişafı haqqında”, “Aşıq sənətinin qorunması və inkişafı haqqında” qanun layihələrimiz hazırdır. Bundan əlavə, “Adlar və soyadlar haqqında” qanun layihəsinin də tamamlanmasına çalışacağıq”.
Namidə BİNGÖL