Modern.az

Tanınmışlar Azərbaycana qarşı təzyiqləri necə dəyərləndirir…

Tanınmışlar Azərbaycana qarşı təzyiqləri necə dəyərləndirir…

Təhsil

14 Yanvar 2015, 17:25


Azərbaycanın iqtisadi potensialı və siyasi nüfuzu artdıqca dünya ictimaiyyətinin münasibəti də dəyişir. Bu, həm siyasi, həm mədəni, həm də ictimai sahələrdə özünü əks etdirir. Azərbaycanla bağlı xeyli  faktlar göstərmək olar ki, dünya ictimaiyyəti, Avropa ölkələri qərəzli yanaşıb, laqeyd münasibət göstəriblər. Doğmalarının məzarlarını ziyarət etmək üçün ata-baba torpaqlarına yollanan və orada işğalçı ermənilər tərəfindən girov götürülərək, barələrində saxta məhkəmə qurulan Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin 22 il azadlıqdan məhrum edilməsinə laqeyd münasibət də Azərbaycana yumşaq təzyiqin bir nümunəsidir. Prosesin mənfi tərəfi odur ki, Azərbaycana olan bu təzyiq təkcə siyasi dairələrdə deyil, ictimaiyyətdə də hiss olunur. 

Modern.az fərqlilik edərək sənət, elm-ədəbiyyat adamlarından bu haqda münasibət öyrənməyə çalışıb. Onlar həm xarici səfərlərdə olduğu dönəmlərdə,  həm də hazırki prosesləri müşahidə edərkən Azərbaycana, vətəndaşlarımıza qarşı hiss etdikləri təzyiqlərdən danışacaqlar:

Milli paltarıma görə hamı üstümə düşmüşdü”

Milli rəqsin tədrisi üzrə mütəxəssis, əməkdar artist Kamil Dadaşova müraciət etməyimiz təsadüfi olmadı. Belə ki, özünün də dediyi kimi o, xarici ölkələrdə ən çox səfərlərdə olan sənətçidir. Afrikanın bir neçə ölkəsi və Yeni Zellandiya- Okeaniyadan başqa dünyanın bütün ölkələrində olub. Kamil Dadaşov həm keçmiş dövrlərdə səfərdə olarkən, həm də hazırda bir sənətçi kimi müşahidə apardığı zaman Azərbaycana qarşı rast gəldiyi təzyiqlərdən danışıb: “Dünyanın hər yerində olmuşam. Oralarda Azərbaycana qarşı münasibət fərqli olub. Azərbaycan vətəndaşı təzyiqlərlə də üzləşir. Amma mən bunu o qədər hiss etməmişəm. Bir dəfə Hindistanın Bombey şəhərində festivalda iştirak edirdik. Sülh, barışıq naminə təşkil olunan festival idi. O zaman Hindistanın festival iştirakçısı olan ölkələrdən biri ilə münasibəti gərgin idi. Festival zamanı keçirilən mətbuat konfransında mənə və tərəf müqabilim Şərqiyyə İsgərndərovaya niyə milli geyimdə olmağımızla bağlı suallar verirdilər. Suallarının tonunda aqressiya hiss olunurdu. Amma çıxışımızdan sonra həmin sualı verən jurnalist mənə yaxınlaşıb üzr istədi. Dedi ki, siz peşəkar rəqqassınız. Güldüm, dedim ki, biz bura sizi barışdırmağa gəlmişik. O zaman özümə qarşı siyasi təzyiq hiss etdim. Amma Azərbaycan adına yaxşı münasibət göstərən, təzyiqdən tamam uzaq olan yerlər və insanlar da görmüşəm. Hardan olduğumuzu bilən kimi, “neft”, “Baku”, “Kaspi” kimi sözlər deyirdilər. Mən də dili bilmirdim ki, onları daha ətraflı başa salım.

İndi Azərbaycana münasibət deyərdim ki, yarıbayarı dəyişib. Təzyiq də olur, tərif də. O vaxtı da belə idi. Amma biz ölkəmizə aid səhv münasibət görəndə müdaxilə edirdik. Onları başa salırdıq, informasiyalar da verirdik. Deyəndə ki, 12 iqlimdən 9-u bizdədir, hamı təəccüblənirdi”.

“Bizi gürcü hesab edirdilər”

Xalq artisti Tariyel Qasımov hazırda gündəlik ictimai-sosial prosesləri izləməklə yanaşı, həm də uzun müddət xarici ölkələrdə yaşayıb. Aktyor həm xaricdə yaşayanda, həm də indi Azərbaycana qarşı təzyiqlər hiss edib: “Mən 6 ölkənin kinostudiyası tərəfindən filmlərə çəkilmək üçün dəvət almışam. Odur ki, fasilələrlə orada yaşamalı olmuşam. 1969-cu ildə Tacikistana getdim. Müəyyən qədər orada yaşadım. Məni görən kimi gürcü olduğumu soruşurdular. Bunu özümə təzyiq kimi hiss edirdim. Daha sonra isə vəziyyət get-gedə düzəldi. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra Azərbaycanı daha yaxşı tanımağa başladılar. Get-gedə təzyiqlər də azaldı. Amma mən ayrı-ayrı yerlərdə özümə və Azərbaycana qarşı təzyiq hiss etmişəm. İmkan vermirdim ki, kimsə Azərbaycan adına təzyiq göstərsin. Dərhal onun cavabını verirdim. Mənə kimisə, nəyisə misal gətirirdi. Deyirdim ki, Azərbaycanı onlara görə yox, mənə görə tanıyın. Bilirsiniz ki, almanlar dəqiq xalqdır. Ən çox buna diqqət edirlər. Orda çəkilişdə olanda mənə dedilər ki, filan vaxt küçədə olarsan, gəlib səni maşınla aparacağıq. Mən onların dediyi vaxtdan da tez küçəyə düşürdüm. Mənə deyiridlər ki, biz birinci dəfədir SSRİ-dən olan xalqlar arasında bu qədər dəqiq adam görürük. Mən orada Azərbaycan haqqında imic yaratmışdım.

Son zamanlar isə təzyiqləri hiss etmirəm. Bəlkə də var, amma əvvəlki qədər deyil. Əsas odur ki, bizim gənclik yetişməlidir və onlar ölkəmizə qarşı yaranacaq təzyiqin qarşısını almalıdırlar. Amma indi görürsən ki, gənclərdə də fərqlilik yaranıb. Əvvəl avtobusda 45 yaşlı adam görəndə belə, ayağa qalxırdılar. Amma indi metroda yaşlı adam görən kimi telefona baxıb özlərini görməməzliyə vururlar. Halbuki, vətənə olan təzyiqlərin qarşısını onlar almalıdırlar”.

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu